Məhkəmə qərarları › İş №3(125)-1114/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1114/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1114/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, “X10 Emalı” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X10 Emalı” ASC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X10 Emalı” ASC ******* ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, ******* ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X10 Emalı” ASC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, “X10 Emalı” ASC səhvliklə xx.xx.2021-ci il tarixdə ******* ABŞ dolları məbləğində olan vəsaiti Çin Xalq Respublikasının “X5 Co., LTD” müəssisəsi əvəzinə əlaqəli olmayan Niderland Krallığındakı şirkətə göndərilmişdir. Belə ki, Niderland bank hesabı ilə göndərilən müqavilə Çin şirkətinə məxsus olan “mailto:henry@kehuaindustry.comElektron ünvan 1” e-poçt ünvanından deyil, yalnız bir hərf fərqi ilə “mailto:henry@kehualndustry.comElektron ünvan 2” e-poçt ünvanından göndərilmişdir. Onların pul köçürdüyü Niderland bank hesabının şirkətlə bağlılığı yoxdur. 2021-ci ilin 10-28 iyun tarixlərində onlar tərəfindən Çin Xalq Respublikasına hər hansı e-poçt daxil olmamış və bu müddət ərzində onlar Çin Xalq Respublikasının şirkəti ilə deyil, hakerlərlə yazışmalar aparmışdır. 2 il müddətində yaranmış yanlışlığın düzəldilməsi üçün İqtisadiyyat Nazirliyinə, banka, səfirliklərə müraciət olunsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Dəmirəritmə ilə bağlı dəzgahın alınması üçün ödənilmiş pul və ya mal onların şirkətinə verilməmişdir. Hazırda malın alınması və yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün ÇXR-a getmək lazımdır, lakin bunun üçündə maliyyə imkanları yoxdur. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş “X3 Equipment Co., Ltd” şirkəti ilə “X10 Emalı” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən 31 may 2021-ci il tarixdə müqavilə dəyərinin 50% həcmində 29971.0$ ABŞ dolları ilkin ödəniş olunmuşdur. İş materiallarında olan “X10 Emalı” ASC "xxxx" KB ASC-yə ünvanladığı məktubdan görünür ki, müəssisədə əlavə istehsal və iş yeri yaratmaq məqsədi ilə qara metalın əridilməsi üçün Çin Xalq Respublikasından induksion sobanın alınması üçün “X3 X9. Ltd.” Müəssisəsi ilə internet üzərindən elektron poçt vasitəsilə danışıqlar aparılmış və ümumi dəyəri 59942 ABŞ dolları məbləğində xx.xx.2021-ci il tarixli CTR2021001 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında 31 may 2021-ci il tarixdə müqavilə dəyərinin 50% həcmində 29971 ABŞ dolları ilkin ödəniş olunmuşdur. Ödəniş olunduqdan bir müddət sonra həmin müəssisəyə avadanlığın hazırlanması prosesinin hansı mərhələdə olması ilə maraqlandıqda müqavilənin onlarla bağlanmadığını və aparılmış ödənişin onların hesablaşma hesabına aid olmadığını bildirərək elektron poçtlara xakerlər tərəfindən müdaxilə olunduğunu, möhürlərindən istifadə edərək onların adından müqavilə bağlanaraq invois verildiyini bildirdilər. Qeyd olunanları nəzərə alaraq xx.xx.2021-ci il tarixdə (Benefisiarın adı: X3H X7, Ltd., Bank: İNG Bank, İBAN: NL27 İNGB 0009 6004 00, SWİF CODE: İNGBNL2A, Benefisiar Bankın ünvanı: Financial plaza bulmerdreef 109, 1102 BW, Amsterdam) rekvizitlər üzrə köçürülmüş 29971 ABŞ dollarının araşdırılması və geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “X10 Emalı” ASC-yə ünvanladığı elektron məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli 63 saylı məktuba əsasən xx.xx.2021-ci il tarixində “X3 Equipment Co., LTD” xeyrinə köçürülmüş 29971 ABŞ dolları vəsaitin qarşı tərəfə çatması araşdırılmış və sorğunun nəticəsi əsasında qeyd olunan SWİFT-də göstərildiyi kimi vəsaitin göstərilən müəssisəyə çatması məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin cavab məktubundan görünür ki, Çin Xalq Respublikasının (ÇXR) “X2 Equipment Co., Ltd” müəssisəsindən istehsal təyinatlı avadanlığın alınması üçün imzalanmış alqı-satqı müqaviləsinin qarşı tərəfdən icra vəziyyətinin öyrənilməsinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı müraciətə (daxil olma qeydiyyatı: xx.xx.2021-ci il tarixli lN-D/O-H- 443/2021) İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyində ticarət nümayəndəsinin Aparatının əməkdaşı tərəfindən "X10 Emalı’’ ASC-nin müvafiq nümayəndəsi ilə işçi qaydada əlaqə saxlanılmış, sorğu edilən məlumatlar daha da dəqiqləşdirilmişdir. Ticarət nümayəndəsinin Aparatı tərəfindən aparılmış araşdırmalar nəticəsində Çin şirkəti haqqında aşağıdakı məlumatlar əldə olunmuşdur: “X3 X8., Ltd.” şirkətinin rəhbərliyi ilə telefon əlaqəsi saxlanılmış və onlardan Henry Zhang adlı əməkdaşlarıın olub-olmadığı sorğu edilmişdir. Şirkət rəhbərliyi təsdiq etmişdir ki, həqiqətən də Henry Zhang adlı şəxs onların satış meneceridir və şirkət “X10 Emalı” ASC ile yaranmış çətinliklərdən xəbərdardır. Çin tərəfi bildirmişdir ki, Azərbaycan şirkətinin elektron poçt ünvanı haker hücumuna məruz qalmışdır. Niderland bank hesabı ilə göndərilən müqavilə Çin şirkətinə məxsus olan “mailto:henry@kehuaindustry.comElektron ünvan 1” e-poçt ünvanından deyil, yalnız bir hərf fərqi ilə “mailto:henry@kehualndustry.comElektron ünvan 2” e-poçt ünvanından göndərilmişdir. Çin şirkəti qeyd etmişdir ki, Azərbaycan tərəfinin pul köçürdüyü Niderland bank hesabının şirkətlə bağlılığı yoxdur. “X3 X8., Ltd.” şirkəti ticarət nümayəndəsinin Aparatına daha əvvəl "X11 Emalı” ASC-yə göndərilən və üzərində Çinin bank hesabının rekvizitləri olan müqaviləni təqdim etmişdir. Bildirilmişdir ki, 2021-ci ilin 10-28 iyun tarixlərində Azərbaycan şirkətindən hər hansı e-poçt daxil olmamış və bu müddət ərzində Azərbaycan şirkəti onlarla deyil, hakerlərlə yazışmalar aparmışdır. “X3 X8., Ltd." şirkətinin rəhbərliyi yaranmış problemin həll olunması istiqamətində Azərbaycan şirkətinə dəstək göstərməyə hazır olduğunu bildirmişdir. Çin şirkətinin rəsmisi dəymiş zərərin həcminin azaldılması məqsədilə avadanlığın qiymətində 10 faiz güzəşt və ödənişsiz əsasda Azərbaycan şirkətinə ehtiyat hissələr verəcəklərini, eləcə də avadanlığın istifadəsi ilə bağlı Azərbaycan şirkətinin işçilərinə ödənişsiz əsasda təlim keçə biləcəklərini də qeyd etmişdir. Qanunvericiliyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 il müddətində müvafiq mallar ölkəyə idxal edilmədikdə, şəxsin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi yaranır. Lakin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Beləliklə məhkəmə hesab edir ki, “X10 Emalı” ASC tərəfindən 29971 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə Çin Xalq Respublikasına köçürülsə də, həmin məbləğdə alınmış malların Azərbaycan Respublikasına 2 il ərzində idxal edilməməsi, “X10 Emalı” ASC-nin təqsirindən deyil, satıcı xarici firmanın hesabında yaranmış problemlərlə əlaqədar olmuşdur. Bununla bağlı, yəni alınmış malın göndərilməsi və ya pulun qaytarılması üçün “X10 Emalı” ASC müvafiq orqanlara, pulu köçürmüş banka, satıcı xarici firmaya dəfələrlə müraciətlər etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Göründüyü kimi alınacaq malın 2 il ərzində ölkəyə gətirilməməsi “X10 Emalı” ASC-nin iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, məhkəmə, inzibati xəta haqqında materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “X10 Emalı” ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X10 Emalı” ASC barəsində xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar