Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1115/2022 05.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Səlahiyyətli orqanın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X4 və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.1, 332.2, 342.7, 342.9 və 511.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin X12 şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.1, 332.2, 342.7, 342.9 və 511.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:32-də etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21214” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə müvafiq icazə olmadan xüsusi sayrışan işıq siqnalı quraşdıraraq həmin avtomobildən istifadə etmiş, həmçinin avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozan kobud və qərəzli yol hərəkət qaydalarını pozmaqla avtoxuliqanlıq əməli törətmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.1, 332.2, 342.7, 342.9 və 511.1.1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş və baxılması məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında protokolda qeyd edilən əməlləri törətdiyini, lakin onun avtoxuliqanlıq niyyəti olmadığını və hazırda əməlindən peşman olduğunu, bir daha eyni hərəkətlərə yol verməyəcəyini bildirərək, barəsində cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin qanuni nümayəndəsi X7 izahatında bildirdi ki, Şəxs onun oğludur, onun idarə etdiyi “VAZ 21214” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Şəxs yetkinlik yaşına çatmamasının nəzərə alınmasını və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materialları ilə müəyyən olunur ki, “VAZ 21214” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Şəxs sürücülük hüququ olmamışdır. İş materiallarına əlavə edilmiş DVD diskə əlavə edilmiş videogörüntülərdən görünür ki, “VAZ 21214” markalı avtomobil gah yolun əks istiqaməti ilə qarşıdan gələn avtomobillər üçün gah da eyni istiqamətdə hərəkət edən avtomobillər üçün qəsdlə qəza vəziyyəti yaradaraq, bir neçə dəfə avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında videogörüntülər tədqiq edildikdən sonra Şəxs həmin görüntülərdə olan avtomobilin onun tərəfindən idarə edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan videogörüntü və digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.9 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində qeyd edilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində qeyd edilir ki, vtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 və 511.1.1-ci maddələri ilə təqsirli bilinərək, daha ciddi xəta olan İXM-nin 511.1.1-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq edilməlidir. Eyni zamanda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin 342.9-cu maddəsinin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş premdetin müsadirəsi nəzərdə tutulduğundan, İXM-in 34.3-cü maddəsinin tələbinə əsasən inzibati xətanın bilavasitə obyekti olan və məhkəmənin inzibati binasında saxlanılan bir ədəd sayrışan işıq dövlət nəfinə müsadirə olunmalıdır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.9 və 511.1.1-ci maddələri ilə yanaşı, həmçinin 327.4, 332.2, 332.1 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.4, 332.2, 332.1 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.7, 327.4 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.2, 332.1 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 05 saat vaxt sərf olunmuşdur. Odur ki, barəsində inzibati icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 30 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd sayrışan işıq dövlət nəfinə müsadirə edilməklə, İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin sanksiyası çərçivəsində ona nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 600 (altı yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.2, 332.1 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilsin. Şəxs 5 (beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 30 (otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. ("xxxx" ASC-nin Gəncə şəhər filialı, kod 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************. S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001. VÖEN: **********) Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1115/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1115/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver