Məhkəmə qərarları › İş №3(125)-1120/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1120/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1120/2023 08.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin sahə rəisi, polis X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Ş.İ.Xətai prospektində ictimai yerdə nəlayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin sahə rəisi, polis X3 oğlu protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə adı polisə sonradan məlum olan Şəxs Ş.İ.Xətai prospektində idarə etdiyi Mersedes markalı ** RG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xarici işıq cihazlarında qadağan olunmuş işıqlardan istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları vətəndaşı saxlayan zaman məlum olmuşdur ki, sonuncunun sürücülük hüququ məhdudlaşdırılmışdır. Onun sürücülük hüququnun məhdudlaşdırılması barədə ona məlumat verilib, onu DYPŞ-nə dəvət edən zaman Xosrov Mehdiyev polisin ünvanına nəlayiq ifadələr işlədərək, səs-kük etmiş, polis əməkdaşları onu nizam intizama dəvət etsə də o, öz qanunsuz hərəkətlərini davat etdirmişdir. Bununla da Xosrov Mehdiyev İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi Mersedes markalı ** RG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhərindən Dəliməmədli şəhərinə işə gedərkən “İmperial” şadlıq sarayının yaxınlığında polis əməkdaşları ona saxla əmri vermiş və o, idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt polis əməkdaşları ona avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün avtomobili duracağa aparacaqlarını bildirmişlər, lakin o, onlarla razı olmamış, daha sonra polis əməkdaşları ona sürücülük hüququnun məhdudlaşdırıldığını demişlər. O, sürücülük hüququnun məhdudlaşdırılmasından xəbərsiz olmuş, polislər avtomobili cərimə meydançasına aparmaq istədikdə, o, valideynlərinə məlumat vermək istəmiş, lakin polis əməkdaşları PPX işçilərini çağırıb onu polis idarəsinə aparmışlar. O, polis əməkdaşlarının avtomobili aparmasına etiraz etsə də, həmin vaxt nəlayiq ifadələr işlətməmiş, səs-küy salmamışdır. Sonda o, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən 09:40 radələrində ekipaj yoldaşı Səmədli Mirnemətlə Ş.İ.Xətai prospektində hərəkətdə olarkən Mersedes markalı ** RG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xarici işıq cihazlarında qadağan olunmuş işıqlardan istifadə etdiyinə görə saxlanılmış adı sonradan məlum olan Şəxs özünü təqdim etmiş və sürücüyə qayda pozuntusunu izah etmişdir. Daha sonra onlara məlum olmuşdur ki, vətəndaşın sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu barədə Şəxs məlumat verilmiş və o, DYPŞ-nə dəvət edilmiş, lakin Şəxs getmək istəməyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün polis şöbəsinə aparılması məqsədilə həmin ərazidə xidmət aparan PPX-nın əməkdaşlarını köməyə çağırmış, Şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə təhvil vermişlər. Şəxs ucadan səs-küy salmamış, sadəcə avtomobilin cərimə meydançasına aparılmasına razı olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ekipaj yoldaşı polis serjantı Emil Hacıyev ilə birlikdə 17-21 nömrəli marşurutda xidmətdə olarkən Gəncə şəhər BPİ-nin növbətçi hissəsi onlara Ş.İ.Xətai prospektində Texnologiya Universitetinin qarşısında DYPŞ-nin inspektorlarına köməklik göstərməklərini xahiş etmişlər. Onlar dərhal vətəndaşa yaxınlaşıb özlərini təqdim etmiş, YPX-nin əməkdaşları vətəndaşın tabesizlik göstərdiyini bildirmişlər. Onlar həmin şəxsə avtomobilin cərimə meydançasına getməli olduğunu izah etmiş, lakin həmin şəxs tabesizlik etmişdir. Onlar həmin şəxsin qolundan tutub avtomobilə əyləşdirmişlər, həmin vaxt ekipaj yoldaşının xidməti geyim forması təsadüfən cırılmış, Şəxs onlara müqavimət göstərməmiş, səs-küy salmamışdır. Daha sonra X2 Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli MN №1580228 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Ş.İ.Xətai prospektində ictimai yerdə nəlayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozduğu polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin vaxt Şəxs polisin qanuni tələblərinə tabe olmaması öz ifadəsi və şahidlərin ifadələri ilə təsdiq olunmuş, lakin onun ucadan nalayiq ifadələr işlətməsi və ətrafdakıların diqqətini özünə cəlb etməsi, ictimai qaydanı pozması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir. Şəxs həqiqətən də ucadan nalayiq ifadələr işlətməsi, ətrafdakıların diqqətini çəkərək ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar