Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1121/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X2, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs İsrafil qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən X3 protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs İsrafil qızı xx.xx.2022-ci il tarixdə polis idarəsinə ərizə ilə şikayət edərək onunla qonşuluqda yaşayan Şəxs yaşadıqları evin divarını laqonda ilə sökərkən ona və ərinə qarşı nalayiq ifadələr işlətmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs İsrafil qızı ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə saat 10:00-da evində olarkən laqonda səsi eşidib bayıra çıxdıqda görmüşdür ki, onunla qonşuluqda yaşayan Şəxs onun evinin barısını sökdürür. O, Rəşada maneə olmağa çalışdıqda, Rəşad onu ələ salmış, ona nalayiq ifadələr demişdir. Belə ki, Rəşad mütamadi olaraq onu narahat edir və ona qarşı saymazyana hərəkətlər edir. Sonda o, qonşusu Rəşadın barəsində qanunvericiliyə uyğun olaraq cəza tətbiq eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs İsrafil qızı və onun əri X4 ilə aralarında mübahisə olmuş, lakin o, qonşularına qarşı heç bir nalayiq ifadə işlətməmiş, ucadan səs-küy salmamışdır. Sonda o, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs DİN 102 xidmətinə müraciəti əsasında təhqiqatçı ilə birlikdə hadisə yerinə getmişdir. O, Şəxs və Zərərçəkmiş şəxs tanımır, onlar hadisə yerinə çatdıqda tərəflər öz evlərində olmuş, o, Şəxs səs-küy salaraq nalayiq ifadələr işlətməsini görməmişdir. Şikayətçi Zərərçəkmiş şəxs ərizə və izahatı təhqiqatçı almış, o, heç bir hadisəyə şahid olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır. Hadisə günü Şəxs həyətində usta işləmiş, o, da həmin ustalarla dayanıb söhbət edərkən Zərərçəkmiş şəxs tez-tez bayıra çıxıb ustaların işləməsini telefonla videoya çəkmişdir. Həmin vaxt heç bir dava və səs-küy olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır, eyni zamanda ustadır. Rəşadla Sevincin barısı bitişik olduğu üçün əvvəl Sevinc həmin barını sökdürmüşdür ki, su keçməsin, daha sonra isə Rəşad həmin barını yenidən hördürmək üçün onu çağırmışdır. Həmin vaxt Sevinc narazılıq etmiş, lakin heç bir dava-dalaş söyüş olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki işin faktiki hallarından görünür ki, Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər törədilməmiş, o, sadəcə olaraq qonşuları ilə sözlə mübahisə etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “ictimai qaydanın pozulması”na dəlalət edən heç bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Polis sahə rəisi Fərmayıl İsayev Şəxs təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1121/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1121/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver