Məhkəmə qərarları › İş №3(125)-1127/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1127/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1127/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 08 dekabr 2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 dekabr 2022-ci il tarixdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmçinin onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, A.Ziyadxanov küçəsində içkili halda ucadan səs-küy salmış, bu zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokolda qeyd edilən əməli spirtli içkinin təsiri altında törətmişdir. Əməlindən peşmandır. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə 2-ci Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkilləri İqbal Musayev və Orxan Ağazadə xidməti ərazidə olarkən saat 23:05 radələrində Gəncə şəhəri, A.Ziyadxanov küçəsində bir nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları həmin şəxsi nizam intizama dəvət etsələr də adı sonradan məlum olan Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-1062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək, 08 gün müddətinə inzibati həbs edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-519/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində 1 ay müddətinə inzibati həbs edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-90/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək, 150 manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs yüngül dərəcəli alkol sərxoşluğu müəyyən edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:15-də tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi inzibati xəta haqqında protokollar və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, eyni xətanın inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində üç dəfə təkrar törədilməsi (İXM 33.1.2) və inzibati xətanın sərxoş halda törədilməsini (İXM 33.1.7) məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 1 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 07 dekabr 2022-ci il tarixdən saat 23:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar