Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-113/2024 01.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (ünvan:AZ2000, Gəncə şəhəri, Nizami, ev 561; VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs “X2” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 dekabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, “X2” MMC 96954.00 ABŞ dolları məbləğində vəsaiti 07 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 96954.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X4 məhkəməyə vəsatət təqdim edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “X6” MMC-nin tabeliyində olan “X2” MMC-nin istehsalat sahəsində hərbi təyinatlı məhsulların istehsalı üçün istifadə olunan xammalın alınması məqsədilə Ukrayna Respublikasının Xerson şəhərində yerləşən Xerson Elektromexaniki zavodu ilə “X2” MMC arasında xx.xx.2018-ci il tarixli 1/2018 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilədə nəzərdə tutulmuş xammalın qablaşdırılıb göndərilməsi məqsədilə xx.xx.2021-ci il tarixində “X2” MMC tərəfindən Xerson Elektromexaniki zavodunun bank hesabına 96 954,00 ABŞ dolları dəyərində vəsait köçürmə yolu ilə ödənilmişdir. “X2” MMC tərəfindən müqavilədə göstərilən malların dəyərinin ödənilməsinə baxmayaraq Xerson Elektromexaniki zavodu həmin müqavilədə göstərilən malları göndərə bilməmişdir. Bunun səbəbini qarşı tərəf mobil telefon danışığı vasitəsilə onunla izah etmişdir ki, Ukrayna Respublikası ilə Rusiya dövləti arasında baş vermiş məlum müharibə və hərbi əməliyyatlar səbəbindən müqavilədə göstərilmiş və dəyəri ödənilmiş xammalın göndərilməsi mümkün olmamışdır. Buna görə də Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “X6” MMC-nin tabeliyində olan “X2" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolun təmin olunmamasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatəti daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “X2” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə olunmuş xaricə köçürməyə dair ərizənin surətindən görünür ki, “X2” MMC 96954.00 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmək üçün 30 noyabr 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bank ASC-yə ərizə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli “Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrə dair” cədvəldən görünür ki, Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim etməyən müştərilərdən biri hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Xaricə köçürülmüş məbləğ 96954.00 ABŞ dolları, köçürülmə tarixi xx.xx.2021-ci ildir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 14 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “X2” MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclasında “X2” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş materialları üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, hüquqi şəxs “X2” MMC 96954.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 07 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür, lakin ödəniş aparıldığı vaxtdan iki ildən artıq müddət keçməsinə baxmayaraq, 96954.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin gostərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Bununla da hüquqi şəxs “X2” MMC tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. “X2” MMC tərəfindən məhkəməyə vəsaitin qaytarılmasını və ya həmin vəsait müqabilində mal və ya xidmətlərin idxal edilməsini təsdiq edən hər hansı möhtəbər sənəd təqdim edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq, hüquqi şəxs “X2” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 96954.00 ABŞ dolları valyuta vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 19390.8 ABŞ dolları məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, 114 və 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 96954.00 (doxsan altı min doqquz yüz əlli dörd) ABŞ dolları valyuta vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 19390.8 (on doqquz min üç yüz doxsan tam onda səkkiz) ABŞ dolları məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati cərimə kimi tutulmalı olan 19390.8 (on doqquz min üç yüz doxsan tam onda səkkiz) ABŞ dolları qərarın icra edildiyi gün dolların manata olan məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-113/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-113/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver