Məhkəmə qərarları › İş №3(125)-113/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-113/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-113/2025 09.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, Yeni Qəsəbə 2-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1987-ci il Xocalı rayonunda anadan olmuş, AR-nın vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Xocalı Rayon Məhkəməsinin 2(070)-121/2020, şaylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hər ay 120 manat sabit pul məbləği aliment alınaraq X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq tərəfimizdən borcluya təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs 6010 manat aliment borcu mövcuddur.Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin o borcunu ödəməmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu ödəməyə maddi imkanı yoxdur. Əvvəllər aliment borcu olması barədə məlumatı olmamışdır. Çünki yoldaşı ona uşaqları göstərməyəcəyini və ondan aliment almayacağını bildirdiyiniə görə aliment borcundan xəbərsiz olmuşdur. Məlumatı olduqdan sonra 350 manat ödəniş etmişdir. İkinci dəfə ailə qurub və həmin evlilikdən də övladı var. Ona görə də iş üzrə icraat xitam verilməsini xahiş edir. İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin 2(070)-121/2020, şaylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hər ay 120 manat sabit pul məbləği aliment alınaraq X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraat başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-121/2020, şaylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan borclunun ünvanda yaşamaması haqında aktdan görünür ki, icra məmuru tərəfindən borclunun yaşayış ünvanı kimi göstərilmiş ünvana baxış keçirilmiş və onun həmin ünvanda yaşamaması müəyyən edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs "xxxx" QSC-də fəhlə kimi çalışır və adına hər hansı bir mülkiyyət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcundan son bir ayda cüzi ödəniş edilmiş, lazımi qaydada ödənilməsinə laqeydlik göstərmişdir. Borclu Şəxs fəhlə işləməsinə baxmayarq heç bir ödəniş etməmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar