Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-114/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin (hüquqi ünvanı: Gəncə şəhəri, Şeyxbahəddin, ev 22; qanuni təmsilçisi: X2; VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 dekabr 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17111 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, 2012-ci ildə qeyd edilən bazar yanıb, 2021-ci ilə qədər işləməyib. Həmçinin həmin məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankına verilməsində gecikmə olduğunu etiraf etmiş və bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixli məktub da təqdim etmişdir. Sonda o, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs ASC 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022- 17111 nömrəli məktubundan görünür ki, Şəxs ASC-dən idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması barədə auditor rəyinin təqdim edilməsi tələb edilmişdir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Lakin aşağıda qeyd edilən səhmdar cəmiyyətlər tərəfindən 2021-ci ilin nətəcələrinə görə emitentlərin illik hesabatları Mərkəzi Banka təqdim edilməmişdir. 28 noyabr 2022-ci il tarixli, 6-1.26-2-2022-17111 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, emitentin illik hesabatını 7 gün ərzində Mərkəzi Banka təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikasının İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Xəbərnamədən görünür ki, Şəxs ASC Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-17111 nömrəli məktubunu xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXMnin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17111 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatını göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da hüquqi şəxs Şəxs ASC tərəfindən İXM-in 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq, hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 548.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48-50, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-114/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-114/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver