Məhkəmə qərarları › İş №3(125)-1140/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1140/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1140/2022 13.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsindən hüquqi şəxs "xxxx" MMC-nin təsisçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri Azərbaycan Bayağı küçəsincə inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisində xx.xx.2022-ci il tarixdə keçirilən YTM zamanı AR-nın YTQnın 25-ci maddəsinin 6-cı bəndi, YTQ-№ 01-2001-bənd 10.4, bənd 2.1 yerinə yetirilməməsi aşkar olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 518.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində qeyd edilmişdir ki, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əməllərdən birinin və ya bir neçəsinin törədilməsi halında həm fiziki şəxslər, həm vəzifəli şəxslər həm də hüquqi şəxslər üçün ayrı-ayrı inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 518-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-in 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Qeyd olunan inzibati xəta haqqında protokolun müşayiət məktubunda "xxxx" MMC barəsində tərtib olunmuş protokolun baxılması üçün məhkəməyə göndərilməsi qeyd olunsa da, həmin protokolda inzibati xəta törədən şəxs kimi “Şəxs” qeyd olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın yalnız hüquqi şəxs tərəfindən törədilməsi halında həmin inizbati xəta haqqında materiala məhkəmə tərəfindən baxıla bilər. Fiziki şəxsə və ya vəzifəli şəxsə münasibətdə İXM-in 518-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiala baxmaq məhkəmənin səlahiyyətində deyildir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarına əlavə edilmiş, MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi kimi “Gəncə 4000 MMC-nin nümayəndəsi X3” qeyd olunsa da, həmin şəxsin həqiqətən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin (və ya hüquqi şəxsin) nümayəndəsi olmasını, həmçinin onun qeyd edilən "xxxx" MMC ilə hər hansı bağlılığının olmasını təsdiq edən hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. İşin bu halı isə barəsində inzibati icraat aparılan şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun və ya nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək (İXMnin 100.1.7-ci maddəsi), işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır (İXM-nin 61-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin təsisçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar