Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1151/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 13 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 13 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, 13 iyun 2023-cü il tarixdə Şəxs Gəncə şəhəri, Nizami Gəncəvi prospektində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 protokolun məzmununa uyğun çıxış edərək, protokolu BPİ-nin YPX-nın əməkdaşının raportu əsasında tərtib etdiyini bildirmişdir. Şəxs 13 iyun 2023-cü il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ərazisində öz avtonəqliyyat vasitəsini idarə edərkən YPX-nın əməkdaşları tərəfindən saxlanılmış və bu zaman YPX əməkdaşında sürücünün sərxoş olması şübhəsi yaranmışdır. Yoxladıqdan sonra sürücünün spirtli içkidən istifadəı etmədiyi aşkar edilmişdir. Lakin, YPX əməkdaşı sürücüdən onunla narkoloji dispanserə gedərək yoxlanışdan keçməsini tələb etmişdir. Sürücü razılaşmamışdır. Məhz bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsinin 510, 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək göstərdi ki, o, parkda şar satmaqla məşğuldur. Şarları satıb evə qayıdan zaman avtomobili yol polisi əməkdaşı tərəfindən saxlanmışdır. Sənədlərini yoxladıqdan sonra yol polisi əməkdaşı onun içkili olduğunu bildirmişdir. O isə spirtli içki içmədiyi demişdir. Yol polisi əməkdaşı ovuc hissəsi dairəvi vəziyyətə gətirərək, ondan ovcuna üfürməyi tələb etmişdir. O etiraz etməmişdir. Üfürdükdən sonra yol polisi əməkdaşı onunla narkoloji yoxlanışa getməsini tələb etmişdir. O bu tələbin əsassız olduğunu bildirərək imtina etmişdir. Bu zaman post patrul masını çağırılmışdır. O etraz etmədən post patrul avtomobilinə əyləşmişdir. Həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt o, səs-küy salmadığını, polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, ictimai qaydanı pozmadığını, polis əməkdaşlarına heç bir formada müqavimət göstərmədiyini və polisin qanuni tələblərinə sakitcə əməl etdiyini bildirmişdir. Əksinə, YPXnın əməkdaşının onunla kobud rəftar etdiyini qeyd etmişdir. Əlavə olaraq bildirdi ki, o, 44 günlük “Vətən Müharibəsinin” iştirakçısıdır, “Laçının azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına, məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 13 iyun 2023-cü il tarixli MN ******* inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs 13 iyun 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs tərəfindən təqdim edilmiş vəsiqələrin surətlərindən görünür ki, Şəxs “Laçının azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından görünür ki, Şəxs heç bir şəkildə ictimai qaydanı pozmamış, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: 13 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1151/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1151/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver