Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1151/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhər 2-ci PŞ-nin inzibati ərazisində qumar oyunlarında iştirak etmə, yəni qumar oynadığı polis əməkdaşları tərəfindən aşkar edilmiş və pul ilə qumar oynayaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, uzun müddət görmədiyi dostu ilə görüşmüş və çayçıda çay içmək qərarına gəlmişlər. Çay gələnə kimi onlar domino oynamaq istəyərkən polis əməkdaşları içəri daxil olmuş və onları qumar oynadıqlarını görə Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşına qumar oynamadığını bildirsə də, barəsində inzibati protokol tərtib edilmişdir. İfadəsinin sonunda o, protokola oxumadan imza atdığını, fəhləliklə məşğul olduğunu bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 11 mart 2025-ci il tarixli raportdan görünür ki, polis əməkdaşları Şəxs və X2 qumar oyununda iştirak etdiklərini görüb onları 2-ci şəhər polis şöbəsinə dəvət etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyərək, inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş, raportda qeyd edilən domino və pul vəsaiti məhkəməyə təqdim edilməmiş, həmçinin onu saxlayan polis əməkdaşları məhkəməyə gəlməyərək şahid qismində izahat verməmişlər. Bununla da, Şəxs qumar oynaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəməyə Şəxs qumar oynamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 43, 53, 105, 111-112, 114-115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1151/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1151/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver