Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1153/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 5A, mənzil 7-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci və 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş 12 iyun 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 12 iyun 2023-cü il tarixdə saat 22-28-də VAZ 2106 minik markalı 20EP951 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən İXM-nin 333.2-ci maddəsi təqsirli bilinir ondan ötrü ki, o İXM- nin 333.1-ci maddəsində nəzərdə tutulan xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan bir il ərzində təkrar törətmiş, eyni zamanda İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından istifadə qaydasını pozma hallarına yol verilmişdir. Yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi və eyni xətanı inzibati tənbeh aldıqdan sonra tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyi məlum olmuşdur. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 12 iyun 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, 12 iyun 2023-cü il tarixdə saat 22-28-də VAZ 2106 minik markalı 20EP951 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs işıq cihazlarından istifadə qaydasını pozma halına görə saxlanılmışdır. Bu zaman onun sərxoş olduğundan şübhələnilmişdir. Daha sonra sürücü öz razılığı ilə alkotestrlə yoxlanılmış və sərxoş olduğu müəyyən edilmişdir. Protokol tərtib edilərkən sürücünün daha əvvəl də sərxoş vəziyyətdə maşını idarə etməsinə görə barəsində protokol tərtib edilməsi və həmin cəriməni ödəməsi müəyyən edilmişdir. Ona görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci və 329.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində qismən təqsirli bilərək izahatında bildirdi ki, o sipirtli içki qəbul etməmişdir. O sadəcə enerji içkisi qəbul etmişdir. Həmin enerji içkisinin tərkibində spirtin olmasından məlumatı olmamışdır. Əvvəllər xx.xx.2022-ci il tarixdə barəsində 333.1-ci maddə ilə 400 manat cərimə təbeh tədbiri tətbiq edilmiş, həmin cəriməni dəbbə pulu ilə birlikdə ödəmişdir. Əməli qəsdən törətmədiyinə görə barəsində başlanılmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 iyun 2023-cü il tarixli xüsusi texniki vasitənin nəticəsindən (alkotestr qəbzindən) görünür ki, Şəxs alkoqolun konsentrasiyası 0,3 promill həddindən artıq 0,418 promil olmuşdur; 12 iyun 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12 iyun 2023-cü il tarixdə saat 22-28-də VAZ 2106 minik markalı 20EP951 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs barəsində İXM- nin 333.1-ci maddəsində nəzərdə tutulan xətanın inzibati təbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan bir il ərzində təkrar törətdiyinə, eyni zamanda işıq cihazlarından istifadə qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 333.2-ci və 329.3-cü maddələri ilə bağlı protokol tərtib edilmişdir. Asan Pay ödəniş sistemindən çıxarılmış çıxarışdan görünür ki, Şəxs 10 noyabr 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində tərtib edilmiş İXP5026435 nömrəli protokol üzrə TP5379752 nömrəli qərar ilə nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati cəriməni, dəbbə pulu ilə birlikdə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılan zamanı spirtli içki qəbul etmədiyi bildirsə də, onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən əldə edilmiş alkoqolun konsentrasiyası 0,418 promill olmuşdur və həmin qəbzi Şəxs imzalayaraq təsdiq etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə yanaşı, həmçinin Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1153/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1153/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver