Məhkəmə qərarları › İş №3(125)-1153/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1153/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1153/2024 19.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsininin böyük icra məmuru X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 14811912 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-521/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün, hər ay, hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq xəbərdarlıq verilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən borcunu tam ödəməkdn üzürsüz səbəbdən yayınır. Şəxs ödənilməmiş 8010 manat aliment borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununlada borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsininin böyük icra məmuru X8 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclunun bugünki günə ödənilməmiş 8010 manat aliment borcu qalmış, icra sənədini icra etməmişdir. Əvvəllər də aliment borcunu ödəmədiyi üçün inzibati qaydada həbs edilmişdir. Hər dəfə axtarış qərarı ilə məhkəməyə gəlir. Borcunu ödəməkdən yayınır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolun təmin edilməsini və şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, aliment borcunu maddi imkanı zəif olduğu, işsiz olduğu üçün ödəyə bilməmişdir. Hazırda yaşadığı evi satmaq borcunu ödəmək niyyətindədir. Tez bir zamanda borcunu ödəyəcəkdir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-521/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün, hər ay, hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq tələbkar X1 verilməsi qət edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 521/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İş materallarına əlavə edilmiş tələbin könüllü icra edilməsi haqqında bildirişdən görünür ki, 26 aprel 2023-cü il tarixdə borcluya məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş Xəbərdarlıqların sürətindən görünür ki, Şəxs xx.xx.2013cü il tarixdə və son olaraq xx.xx.2015-ci il tarixdə tələbin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə” xx.xx.2016-cı il tarixli qərardaddan görünür ki, borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclunun axtarılması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Şəxs adına hər hansı bir əmlak mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati icraat aparılan şəxs Şəxs icra zamanı verdiyi izahatından görünür ki, o imkanın olmadığını əsas gətirərək hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Onun hal-hazırda icra sənədi üzrə 8010 manat ödənilməmiş aliment borcu qalmaqdadır. Bununla da, Şəxs borcun məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Əliyev X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək, ödənilməmiş alimentin məbləğini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar