Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1157/2023 04.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçnin qızının katibliyi ilə, Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib edilmiş 07 iyun 2023-cü il tarixli 11000-03190/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/004258 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin (VÖEN 2********) ünvanına Türkiyə Respublikasından 57CB924/57ZB224 nömrəli avtomaşınla gələn NV9USB+UKS5966551 markalı avtoyuma məntəqəsində istifadə edilən əskinasları oxuyan maşının elektron modulu yükü xx.xx.2023-cü il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçməklə təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsinə gəlmiş, **********5678 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən mallara gömrük baxışı keçirilmişdir. Baxış zamanı bəyan olunan **********5678 sorğu nömrəli gömrük bəyannaməsində malın sayı 28 ədəd göstərildiyi halda, 40 ədəd olduğu aşkar edilmişdir. İşdə olan ekspertiza aktına əsasən malların ümumi dəyərinin 6.000 manat olduğu müəyyən edilmişdir. Beləliklə Şəxs İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahat verərək bildirdi ki, X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ aralarında olan müqaviləyə əsasən X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ onlara 40 ədəd NV9 USB Banknot Okuyucu göndərməli idi. Lakin birinci dəfə X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ-də 12 ədəd Banknot okuyucu olduğundan 12 ədəd göndərmişlər. İkinci dəfə isə X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ tərəfindən 28 ədəd Banknot okuyucu göndərilməli idi. Lakin onların da məktublarında göstərdikləri kimi onların işçisi tərəfindən edilən səhv nəticəsində 28 ədəd deyil 40 ədəd NV9 USB Banknot Okuyucu göndərilmişdir. Şəxs MMC-nin baş vermiş anlaşılmazlıq zamanı heç bir təqsiri olmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanların nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixli satış və satınalma müqaviləsindən görünür ki, X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ onlara 40 ədəd NV9 USB Banknot Okuyucu göndərməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan **********0907 saylı bəyannamədən görünür ki, X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ-nin Şəxs MMC-ə 12 ədəd NV9 USB Banknot Okuyucu göndərməsi bəyan edilmişdir. İş materiallarında olan **********5678 saylı bəyannamədən görünür ki, X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ-nin Şəxs MMC-ə 28 ədəd NV9 USB Banknot Okuyucu göndərməsi bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ Senyu MMC ilə aralarında olan xx/xx/2023-cü il tarixli müqaviləyə əsasən iki səfərdə olmaq üzrə cəmi 40 ədəd NV9 USB Banknot Okuyucu göndərməli olduqları halda birinci dəfə stokda mal olmadığına görə 12 ədəd göndərmişlər. İkinci dəfə isə X5 adlı işçilərinin yükləmə vaxtı etdiyi səhvə görə 28 ədəd əvəzinə 40 ədəd NV9 USB Banknot Okuyucu göndərmişlər. Ona görə də Şəxs MMC-nin 12 ədəd artıq olan NV9 USB Banknot Okuyucunun geri göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. İş materiallarında olan müqavilədən və bəyannamələrdən görünür ki, Şəxs MMC müqavilədə və bəyannamadə 28 ədəd USB Banknot Okuyucunun göndərilməsini tələb etmiş, lakin X4 Makina Kimya Sanayi Ticaret LTD ŞTİ-nin işçisinin təqsirinə görə 40 ədəd USB Banknot Okuyucu göndərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsiri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1157/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1157/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver