Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1165/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26709898 nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26709898 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 16 mart 2025-ci il tarixdə özünə məxsus Mersedes 270E markalı ** VJ *** dövlət nömrə nişanlı avtomobili saatda təxminən 90-110 km/saat sürətlə idarə edib Bakı şəhərindən yaşadığı Gəncə şəhərinə gələn zaman Bakı- Qazax avtomobil yolunun 146-cı km/də öndə bir yol patrul xidməti avtomoblinin qoşa zolaqlı yolun sağ çiyin hissəsi ilə təxminən saatda 60-70 km/s sürətlə hərəkət etdiyini görüb öndə olan digər bir Mersedes Furqon avtomobilinin sürücüsü kimi o da gəlib həmin yol patrul xidməti avtomobilini hər hansı yol hərəkəti qaydasını o, cümlədən sürət həddini aşmadan ötüb keçib getmişdir. Lakin səhəri gün mobil telefonuna SMS məlumatı gəlmiş və baxanda görmüş ki, bir gün əvvəl ərizəsində qeyd etdiyi yolda gələn zaman yol patrul xidməti avtomobilini ötüb keçdiyinə görə ona İXM-nin 328.3-cü maddəsi ilə EQ 26709898 nömrəli inzibati protokol tərtib olunmuş və protokolda guya o, həmin yol patrul xidməti avtomobilini saatda 167 km/saat sürətlə ötüb keçdiyi qeyd edilmişdir. Halbuki, həmin günü o, sürətlə avtomobili idarə etməmiş, digər yandan məntiqlə yol patrul avtomobilini görəgörə hansı sürücü avtomobili həmin 167 km/s sürətlə idarə edib gəlib yol-patrul xidməti avtomobilini ötüb keçərdi? Digər tərəfdən əgər o, həmin vaxt avtomobili saatda 167 km/s sürətlə idarə etmişdirsə onda həmin yol patrul xidməti avtomobilini idarə edən yol polisi əməkdaşı avtomobili saatda neçə km/s sürətlə idarə edirdi? Həmin hadisənin anbaan video çəklişi telefonuna SMS vasitəsilə gəlmişdir. Həmin videogörüntünü ərizəsinə əlavə etmiş, belə ki, orada açıq-aydın onun idarə etdiyi avtomobilin sürəti görünür. Lakin barəsində tərtib edilmiş EQ 26709898 nömrəli inzibati protokolda inzibati xətanı qeydə almış texniki vasitənin göstəricisi, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar ümumiyyətlə qeyd olunmamış, həmin inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda eyni pozuntulara yol verilmişdir. Odur ki, hadisənin videogörüntüsünü özündə əks etdirən diskə baxış keçirilməsini, barəsində tərtib edilmiş həmin inzibati protokol və qərarın İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə tərtib edildiyindən ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 çıxışında şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. O, məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onun maksimum surəti 130-140 olmuşdur. Məhkəmə, şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli EQ 26709898 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 16 mart 2025-ci il tarixində saat 16:25:31-də Bakı-Ələt-Qazax- Gürcüstan yolu 146-cı km/də yolda müəyyən edilmiş hərəkət sürətini 57 km/saat həddində aşmış, İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş və inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən hər hansı bir sübut və ya videogörüntü məhkəməyə təqdim etməmişdir. Həmçinin şikayətə əlavə edilmiş fotoşəkildən və videomaterialdan “MERCEDES BENZ E270" minik markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolda müəyyən edilmiş hərəkət sürətinin həddini məhz 57 km/saatda həddində aşması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26709898 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26709898 nömrəli qərarla X1 İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; - 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26709898 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş X4 İdarəsinə qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26709898 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1165/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1165/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver