Məhkəmə qərarları › İş №3(125)-1170/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1170/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1170/2024 05.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, ali təhsilli, subay, “Respublika Təcili və X11 Mərkəzi” X24 Təcili yardım həkimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X28 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:50 radələrində sürücü, xx.xx.1997-ci təvəllüdlü Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri, Təbriz küçəsi, ev 214-də yaşayan Şəxs idarə etdiyi “VAZ-2106” minik markalı **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ordubadi küçəsinin kəsişməsində hərəkətdə olub, Ordubadi küçəsinə dönmə əməliyyatı yerinə yetirən zaman diqqətsizlik edərək qarşı tərəfdən əks istiqamətdən olan sürücü, xx.xx.2002-ci il təvəllüdlü Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Göygöl rayonu, Üçtəpə kəndində yaşayan X9 idarə etdiyi “VAZ-2107” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla həmin avtomobillə toqquşaraq “VAZ-2106” minik markalı avtomobildə olan sərnişin X3 təpə nahiyyəsinin yaraları, sağ topuq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi qismində yüngül xəsarət, “VAZ-2107” minik markalı avtomobilin sürücüsü X4 kürək nahiyyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, boyun nahiyyəsinin qançırı qismində yüngül xəsarət, avtomobildə olan sərnişinlər, X1 bazu sümüyünün aşağı 1/3 hissəsinin qəlpəli, qapalı sınığı qismində az ağır xəsarət və X5 bazu sümüyünün qapalı, qəlpəli sınığı qismində az ağır xəsarət almalarına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da o, İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, “VAZ-2106” minik markalı **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. Həmin avtomobili o, etibarnamə əsasında idarə edir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə təxminən saat 02:40 radələrində o, idarə etdiyi “VAZ-2106” minik markalı avtomobillə Gəncə şəhəri Beynəlxalq xəstəxana tərəfdən Ş.İ.Xətai prospekti ilə dostu X10 yaşadığı ünvana düşürmək üçün Ş.İ.Xətai prospekti ilə Ordubadi küçəsinin kəsişməsində yerləşən 7/24 marketə getmişdilər. Orada bir qədər söhbət etdikdən sonra saat təxminən 02:50 radələrində Sənanı yaşadığı ünvana aparmaq istəmişdir. Həmin vaxt marketin qarşısından hərəkətə başlamışdır. Hərəkətə başlayarkən sürəti 20 km/saat olardı. O, Ş.İ.Xətai prospektindən Ordubadi küçəsinə keçmək istəmiş. Həmin vaxt sağ tərəfindən Ş.İ.Xətai prospekti ilə avtomobilin gəldiyini görmüşdür. O, həmin avtomobil gələnə kimi Ordubadi küçəsinə daxil olacağını fikirləşmişdir. Buna görə də sürətini artırıb hərəkətinə davam etmişdir. Hərəkətinə davam edərkən onun sağ tərəfindən gələn “VAZ-2107” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sağ tərəf qabaq hissəsindən dəymişdir. Dəyən zaman o da idarə etməni itirərək yol kənarındakı marketin səkisinə dəymişdir. İdarə etdiyi avtomobil səkiyə dəyən zaman avtmobilində olan dostu X16 xəsarət almışdır. O, dərhal avtomobildən düşüb ona köməklik göstərək TTY xidmətinə məlumat vermişdir. Onun öz dostuna başı qarşıdığından digər avtomobildə olanların xəsarət aldığını görməmişdir. O, həmin şəxsləri xəstəxanada görmüşdür. TTY xidməti gəlib Sənana ilkin tibbi yardım göstərib 1 saylı şəhər xəstəxanasına aparmışdılar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerini müayinə etmişdilər. Sonra isə o, narkoloji dispanserə gedib orada sərxoşluq müayinəsindən keçmiş və sərxoş olmadığı müəyyən olunmuşdur. O, hazırda zərərçəkmiş şəxslərlə barışmış və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X28 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 15 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsi törətmiş təqsirkar sürücü Şəxs hadisə nəticəsində xəsarət alan X13 və X17 ilə barışdığından sürücü Şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilməsi, sürücü Şəxs nəqliyyat vasitəsitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X26 09 yanvar 2024-cü il tarixli 38 nömrəli rəyindən görünür ki, vətəndaş X9 bədənində aşkar edilmiş xəsarətlər – sol kürək nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, boyun nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X15” X26 24 yanvar 2024-cü il tarixli 131 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ təpə nahiyəsinin yaraları, sağ topuq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2024-cü il tarixli, 88/2024 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarılmış sorğudan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə BD119171 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X22 Qanunun tələblərini pozaraq inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək və məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X28 Şöbəsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X28 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar