Məhkəmə qərarları › İş №3(125)-1172/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1172/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1172/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 14 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-78/2013 saylı xx.xx.2013-cü il tarixli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3431/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədlərinə əsasən Şəxs 15270 (on beş min iki yüz yetmiş) manat aliment borcu alınaraq X5 verilməlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-78/2013 saylı, xx.xx.2013-cü il tarixli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3431/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədlərinə əsasən hər ay iki uşağın saxlanması üçün, cəmi 160 (yüz altmış) manat alimentin X5 ödənilməsi qət edilmişdir. O, 15270 (on beş min iki yüz yetmiş) manat olan aliment borcundan 200 (iki yüz) manat ödəmiş və hal-hazırda 15070 (on beş min yetmiş) manat aliment borcu qalmışdır. O, bundan sonra vaxtı-vaxtında ödəniş edəcəyinə söz verir və qətnamənin icrasından yayınmaq niyyəti yoxdur. Qeyd olunanlara əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3431/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilərək Yevlax şəhəri, M.Ş.Vazeh küçəsi, ev 2, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-78/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində aliment 15 noyabr 2012-ci il tarixdən başlayaraq tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3431/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-779/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X3 hesabına Şəxs tərəfindən 200 (iki yüz) manat aliment borcundan ödəniş edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tələbkara 15270 (on beş min iki yüz yetmiş) manat aliment borcundan 200 (iki yüz) manat ödəniş etməsi onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı, yəni icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar