Məhkəmə qərarları › İş №3(125)-1172/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1172/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1172/2024 16.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X5 və onun vəkili Gəncə şəhər 02 saylı Vəkil Bürosunun vəkili Vəkil, Gəncə şəhər Prokrorluğunun nümayəndəsi X10, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X11 iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-1172/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərardan verdiyi şikayət təmin edilmiş, həmin qərar ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin 1(125)-1172/24 saylı, xx.xx.2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş Gəncə Şəhər Məhkəməsinin 1(125)-1172/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. X6 tərəfindən verilmiş şikayətdə qeyd edilmişdir ki, inzibati tənbeh vermə haqqında MN № ******* saylı 04 mart 2024-cü il tarixli qərara əsasən onun tərəfindən B.E.Nəzərov AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən Gəncə şəhəri, Atatürk prospektində yerləşən köhnə Xalça kombinatında işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi əsassız olaraq müəyyən edilmiş və qanunsuz olaraq vəzifəli şəxs olaraq AR İXM-nin 192.1 ci maddəsinə nəzərdə tutulmuş inzibati xətayə görə 4600 (dörd min altı yüz) manat inzibati qaydada cərimələnmişdir. Həmin Qərarı xx.xx.2024-cü il tarixdə ünvanına poçt vasitəsilə çatdırılıb ona təqdim edilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında MN № ******* saylı Qərarı qərəzli (prokurorluğun tapşırığına görə) qanunsuz, ədalətsiz və tam əsassız olduğuna görə məhkəmə qaydasında baxılmalı və işə aidiyyəti olmadığı üçün inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Digər məhkəmə araşdırmasında da bildirilmişdir ki, onunla 01 avqust 2023cü il tarixində "xxxx" MMC, direktor X14 ilə arasında N°01 saylı "Podrat Müqaviləsi" imzalanmışdır. Həmin müqaviləyə görə o, müəyyən işləri görmək şərti ilə ay ərzində 500 (beş yüz) manat muzdlu şəkildə təşkil etmişdir. AR qanunvericiliyi ilə ödəmə mənbəyindən tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial siğorta haqqı üzrə ödənişlər tutulduqdan sonra Podratçıya 456.50 manat miqdarında muzd haqqı ödənilmişdir. Aralarında olan podrat müqaviləsinə əsasən o, heç bir məsuliyyətə cəlb edilməməli, hər hansı bir vəzifə səlahiyyəti olmayıb, hər hansı bir sərəncam vermək hüququ olmayıb. Buna baxmayarq inzibati orqan onu vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Yuxarıda qeyd olunan müqaviləni inzibati orqana təqdim etmiş və vaxtı ilə adına olan VÖEN-in aktiv olmadığını bildirmiş, lakin qanunsuz olaraq vəzifəli şəxs kimi tanınmışdır. Barəsində tətbiq edilmiş MN ******* saylı 19 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında inzibati qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmiş, ümumiyyətlə inzibati protokolun tərtib edilməsi İXM tələbləri kobud şəkildə pozularaq yazılmışdır. Qanunun tələbindən də göründüyü kimi o, vəzifəli şəxs olmamaqla adi bir işçidir və heç bir sahibkarlıq və ya digər səlahiyyət verən bir fəaliyyət ilə məşğul deyil. Belə olan halda onun barəsində vəzifəli şəxs kimi tərtib edilmiş qərar tam qanunsuz və əsassızdır. Göründüyü kimi barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar (protokol) İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Qeyd olunanlarla bağlı və işin tam düzgün və obyektiv araşdırılmaması səbəbindən Azərbaycan Respublikası DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən tətbiq inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Eyni zamanda bildirmişdir ki, əgər şəxs podrat müqaviləsi bağlayıb digər tərəfin məşğul olduğu fəaliyyət növü ilə məşğul olmursa onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməz. Bu səbəbdən də X5 barəsində Azərbaycan Respublikası DƏMXnin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən qəbul edilmiş MN N° ******* saylı 04 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hesab edir ki, barəsində tətbiq edilmiş MN № ******* saylı 04 mart 2024-cü il tarixli inzibati tənbeh vermə inzibati qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmiş, ümumiyyətlə inzibati protokolun tərtib edilməsi İXM tələblərini kobud şəkildə pozularaq yazılmışdır. O, vəzifəli şəxs olmamaqla adi bir işçidir və heç bir sahibkarlıq və ya digər səlahiyyət verən bir fəaliyyəti ilə məşğul deyil. Belə olan halda onun barəsində vəzifəli şəxs kimi tərtib edilmiş qərar tam qanunsuz və əsassızdır. Digər tərəfdən barəsində tərtib edilən inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olması əsaslarından digəri isə odur ki, protokol inzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbinə uyğun tərtib edilməmişdir, iş obyektiv araşdırılmamış, lazımi sənədlərə baxmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, bundan öncədə onun barəsində analoji işlər olmuşdur (digər şəxslə bağlı) və yekunda hər bir iş üzrə məhkəmə qərarı ilə qərarlar ləğv edilmiş, inzibati icraata xitam verilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan qanunun göstərilən müddəaları iddia olunan hərəkətlərdə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ona aid deyil və barəsində inzibati məsuliyyət mövcud deyildir. Qeyd olunanlarla bağlı və işin tam düzgün və obyektiv araşdırılmaması səbəbindən AR DƏMXnin GəncəDaşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən tətbiq edilmiş MN ******* saylı, 04 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında X5 müdafiəçisi Vəkil bildirmişdir ki, onun müdaiəçisinin VÖENni olsa da həmin VÖEN 2006-cı ildən aktiv olmamış, belə ki, o, işçiləri 7 saatlıq müzdlu şəkildə işə cəlb etmiş və hər saatına 25 manat pul ödəmişdir. İşçilər hər dəfə dəyişdiyi üçün o, müqavilə bağlamamışdır. O, vəzifəli şəxs deyil, hər hansı işçini işə qəbul etmək hüququ yoxdur. O, podrat müqaviləsi ilə fəaliyyət göstərmişdir. Odur ki, onun əməlində heç bir qanun pozuntusu yoxdur. Sonda o, X5 şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayəti müdafiə edib, müdafiəçisinin ifadəsindəki xüsusatları təsdiq edib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Prokrorluğunun nümayəndəsi X17 bildirmişdir ki, Samir Allahverdiyev işçiləri işə cəlb etmiş, onların təhlükəsizliyi üçün heç bir tədbir görməmişdir. Belə onun barəsində tərtib edilən inzibati tənbeh tam qanunidir və şikayət rədd edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X19 bildirmişdir ki, X6 VÖEN-ni aktivləşdirməyə borclu olmuş, tikinti norma qaydalarını pozmuş lisenziya olmadan fəaliyyət göstərmişdir. Samir Allahverdiyev işçiləri işə cəlb etmiş, onun təhlükəsizliyi üçün heç bir tədbir görməmişdir. Belə onun barəsində tərtib edilən inzibati tənbeh tam qanunidir. Sonda o, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, o Gəncə İlməçidə aparılan söküntü işlətində fəhlə kimi iştirak etmişdir. Onlar hər gün söküntü işlərinin aparıldığı yerə gəlmiş və X6 tərəfindən onlardan müəyyən işçi qüvvəsi seçilərək işləmişlər. Hər gün üçün 25 manat pul almışdır. İş saatları saat 09-00-dan 18-00a kimi olsa da onlar işlərini qurtardıqdan sonra istənilən vaxt çıxıb gedə bilərlər. O daimi olaraq orda işləməmişdir. Fəhlə adamdır. 1 gün orda işləsə də növbəti gün başqa yerdə günü 40 manata iş təklif edildiyi üçün orda işləmişdir. Onların daimi işə getmək məcburiyyəti olmamışdır. Günün sonunda işlərinə görə pul X6 tərəfindən verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli podrat müqaviləsindən görünür ki, podratçı (sifarişçi) X6 ilə "xxxx" MMC-nin direktoru X14 ilə arasında müqavilə bağlanmışdır. İnzibati Tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN N1614221 Nömrəli qərardan görünür ki, S.F.Allahverdiyev tərəfindən B.E.Nəzərov AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən Gəncə ş. Atatürk prospektində yerləşən köhnə Xalça kombinatında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-561/2024 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda və məktuba əlavədən görünür ki, vergi ödəyicisi kimi fəaliyyət göstərən (VÖEN:**********) X5 fəaliyyəti xx.xx.2012-ci il tarixdə dayanmış xx.xx.2012-ci il tarxdə fəaliyyəti bərpa edilmiş, xx.xx.2016-ci il tarixdə fəaliyyəti dayandırılmış, həmin tarixdə vaxtı çatdığı üçün bərpa edilmiş, xx.xx.2024-cü il tarixdə vaxtı çatdığı üçün bəpa edilmiş, həmin tarixdə də fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X4 filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 adına həqiqətən Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsindən Samir Allahverdiyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətin cavablandırılması haqqında məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan, elektron uçot-baza məlumatlarına əsasən vergi orqanına təqdim olunmuş hər hansı vergi bəyanaməsi aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən B.E.Nəzərovu müvafiq işlərin yerinə yetirilməsinə cəlb etməsinə görə inzibati məsuliyyətə cəlb olunsa da, məhkəmə iclasında onun tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən olunmamışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında şəxsin inzibati xəta törətməsini bildirsə də, bu barədə dəlillərini hər hansı sübutla əsaslandıra bilməmişdir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilmədən öncə X6 ilə onun tərəfindən işə götürülməsi istinad edilən B.E. Nəzərov arasındakı faktiki hüquq münasibətlərinin xarakteri dəqiq müəyyən edilməli idi. Belə ki, faktiki hüquq münasibətlərinin podrat yoxsa əmək münasibətləri olması, həmin münasibətlərin tərəfləri arasındakı tabeçilik münasibətlərinin olub-olmamasının müəyyən edilməsindən asılı olaraq aydınlaşdırıla bilərdi. Tərəflərin arasında tabeliçilik münasibətlərinin olması halında bu münasibətlər əmək münasibətləri, olmadığı halda isə podrat münasibətləri kimi qiymətləndirilməli idi. Bundan başqa, münasibətlərin predmeti birdəfəlik işlərin görülməsi və konkret nəticənin əldə edilməsinə yönəldiyi halda bu münasibətlər podrat münasibətləri, daimi əsaslarla, mütəmadi yerinə yetirilən öhdəliklərdə bağlı olduqda isə bu münasibətlər əmək münasibətləri kimi nəzərdən keçirilməli idi. İşin hallarından göründüyü kimi, hazırki iş üzrə tərəflərin arasındakı münasibətlərin predmeti konkret nəticənin (söküntü işlərinin icrası) əldə edilməsinə yönəlmiş, daimi xarakter daşımamışdır. Belə olan halda, hazırki münasibət podrat münasibətlərinə uyğun gəlir və tərəflər arasında əmək müqaviləsinin bağlanmasını zəruri etmir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir vəümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı isə X6 ilə B.E.Nəzərov arasında əmək münasibətlərinin yaranması, yəni sonuncunun müəyyən işlərin görülməsinə cəlb olunması halları isə öz təsdiqini tapmamışdır. Bu isə X5 əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmasını istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun 2018-ci il 11 iyun tarixli Qərarında göstərilmişdir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci hissəsinə uyğun olaraq, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 10-cu maddəsinin «b» bəndinə görə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası əmək və mülki qanunvericiliyin qeyd olunan normalarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi podrat müqaviləsi və əmək müqaviləsi nəticəyə münasibətdə oxşar institutlar olsa da onlar arasında fərqlər mövcuddur. Belə ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Podrat müqaviləsi üzrə münasibətlərdə isə sifarişçi və podratçı mülki müqavilənin tərəfi kimi bərabər hüquq və vəzifələrə malikdir, tərəflər işə davamiyyəti, intizam qaydalarını, hesabatlılığı, işin icrası zamanı hansı sayda əlavə işçi qüvvəsinin cəlb olunmasını və s. şərtləri əvvəlcədən razılaşdırmır. Hazırki halda isə inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə X12 ilə X6 arasında bağlanmış müqavilənin yalnız nəticəyönəlik olduğu, yəni işə davamiyyət və intizam qaydalarına dair tərəflər arasında hər hansı razılıq olmadığı, həmin şəxslərin münasibətlərinin davamlı olmadığı müəyyən edilir. Hətta məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında X6 ilə işin görülməsinə dair razılaşmadan sonra ayrı-ayrı şəxslərin sifarişləri olduğu halda həmin sifarişləri də icra etdiyini, X1 icrası zamanı başqa şəxsləri də işin görülməsinə cəlb etdiyini bildirmişdir. Göründüyü kimi X12 izahatında X16 arasındakı münasibətləri əmək münasibətləri deyil, podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X6 ilə B.E.Nəzərov arasında əmək münasibətlərinin mövcud olması sübuta yetmədiyindən X5 hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də onun İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X6 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən X5 İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin olunsun, həmin qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və protesti verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar