Məhkəmə qərarları › İş №3(125)-1180/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1180/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1180/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin İTB-nin sahə rəisi, baş leytenant X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü tarixli, MN1970346 nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə DAEWO NEXİA markalı avtomaşınla avtoxuliqanlıq edərək, qəza şəraiti yaratmış, insanların həyatı üçün təhlükə törətmişdir. Daha sonra o, YPX əməkdaşlarının saxla əmrinə qəsdən tabe olmayaraq maşınla öz hərəkətlərinə davam etmiş, nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi, baş leytenant X2 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyat nişanlı DAEWO NEXİA avtomobili yol hərəkəti qaydalarını pozaraq, DYP əməkdaşlarının saxla əmrinə tabe olmamış, hadisə yerindən qaçmışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini etiraf edərək bildirmişdir ki, içkili olduğuna görə davranışlarına nəzarət edə bilməmişdir. O, əməlindən peşman olduğunu və qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən DYPŞ-nin polis baş serjantı Şahid izahatında bildirmişdir ki, H.Əliyev prospektində növbədə olarkən DAEWO NEXİA markalı maşınına saxla əmri verilmiş, maşını idarə edən şəxs tabesizlik göstərərək hadisə yerindən qaçmışdır. Daha sonra dəmir yol vağzalı ətrafında şəxs saxlanılan zaman o, yenə də maşından düşüb qaçmışdır. Bir müddət sonra polis əməkdaşları tərəfindən Şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bölməyə gətirilən zaman Şəxs ucadan danışaraq, nəlayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizam intizama dəvət olunsa da, o, məhəl qoymamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2024-cü il tarixli, 894/2024 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətindədir. - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində **-YP-*** polis əməkdaşları H.Əliyev Mərkəzində xidmətdə olduqları zaman təxminən saat 23:40 radələrində nömrəsiz narıncı-qırmızı rəngli DAEWO NEXİA minik markalı avtomaşın parka daxil olmuşdur. Bir neçə dəfə dairəvi hərəkətdə olmuş, avtoxuliqanlıq edərək dinc əhalinin istirahətinə bilərəkdən açıq-aşkar hörmətsizlik etmişdir. Polis əməkdaşları tərəfindən dəfələrlə saxla əmri verilmiş, ancaq bilərəkdən tabe olmamışdır. Patrulların köməyi ilə onu, dəmir yol vağzalı ətrafında saxlamışlar, o isə maşından düşüb qaçmışdır. - iş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış zamanı Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq avtomobili sürətlə idarə etməsi və polislərin əmrinə tabe olmaması aydın olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs avtoxuliqanlıq etməsi və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 00:35-də inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 00:35-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar