Məhkəmə qərarları › İş №3(125)-1185/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1185/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1185/2024 04.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakları ilə, X2 Gəncə şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində etibarnamə ilə idarə etdiyi “FORD FOCUS” markalı, “20EY234” dövlət qeydiyyat nişanlı avtomaşınımla hərəkətdə olarkən Gəncə şəhər, Nizami pr-də hərəkətdə olan zaman M.Bağırov küçəsi ilə kəsişmədə işıqforda yaşıl işıq yandığını görüb dayanmadan hərəkətinə davam etmiş bu zaman solda yorayrıcında hərəkətdə olan Chevrolet Cruse markalı RA-181-TR-24 d.q.navtomobil onu avtomobilinin sol hissəsinə çırpılmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Lakin onun barəsində İXM-nin 327.2ci maddəsində nəzərdə tutulan (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xətanı törətməsi bildirilərək barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X3 protokolun düzgün tərtib olunduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğdə cərimə edilmişdir. Şikayətin dəlilləri X4 izahatında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilmədiyini, yaşıl işıq yandığı zaman hərəkətini davam etdirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, X4 “FORD FOCUS” markalı, “20EY234” dövlət qeydiyyat nişanlı avtomaşını ilə Gəncə şəhər, Nizami pr-də hərəkətdə olan zaman M.Bağırov küçəsi ilə kəsişmədə işıqforda yaşıl işıq yandığını görüb dayanmadan hərəkətinə davam etmiş bu zaman solda yorayrıcında hərəkətdə olan Chevrolet Cruse markalı RA-181-TR-24 d.q.n avtomobil sarı işıqda hərəkət edərək onun avtomobilinin sol hissəsinə çırpılmışdır. Belə olan halda xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar əsassız qəbul edildiyindən şikayət əsaslıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. İİİ. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Vİ. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər. Həmin qanunun 76 maddəsinə əsasən İ. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. İİ. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. İİİ. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. İV.Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stopxətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Məhkəmə hesab edir ki, X2 “FORD FOCUS” markalı, “20EY234” dövlət qeydiyyat nişanlı avtomaşını ilə Gəncə şəhər, Nizami pr-də hərəkətdə olan zaman M.Bağırov küçəsi ilə kəsişmədə işıqforda yaşıl işıq yandığını görüb dayanmadan hərəkətinə davam etməsi qanunverciliyin tələbinə uyğun olmuşdur. Şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər əsaslı olduğundan şikayət təmin edilməli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati işin icraatına xitam verlməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Gəncə şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar