Məhkəmə qərarları › İş №3(125)-1188/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1188/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1188/2025 02.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 02 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 02 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 01 aprel 2025-ci il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, Şəxs 01 aprel 2025-ci il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması ilə bağlı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsində özünə məxsus olan tırın yanından dayanan zaman PPX əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmədən yükün nə olduğunu soruşdular. O da bütün sənədləri gətirib polis əməkdaşlarına təqdim etdi. Bundan sonra ona polis şöbəsinə getməli olduğu bildirildi və o, polis avtomobilinə əyləşmək istəyən zaman avtomobilin qabaq oturacağının arxaya doğru olması səbəbindən polis əməkdaşından oturacağı bir az qabağa çəkməyi xahiş etmiş, bu zaman polis əməkdaşları göz yaşardıcı qazdan istifadə edərək başından basıb onu avtomobilə mindirərək polis şöbəsinə gətirdilər. Hadisə vaxtı o, heç bir qanun pozuntusu etməmiş, polisin qanuni tələbinə tabe olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT polis nəfəri, polis serjantı X4 məhkəməyə ifadə verərək, bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Gəncə şəhəri, Poçt qəsəbəsində xidmətdə olan zaman yolun kənarında dayanmış tırın yük yerində sənədi olmayan böyük dəmir gördükdən sonra həmin avtomobilin yanında dayanmış şəxslərə yaxınlaşaraq tır və yük barədə məlumat alan zaman Şəxs qeydiyyat şəhadətnaməsini gətirib tırın ona məxsus olduğunu, lakin yandığını bildirdi. Bundan sonra o, Şəxs və X3 şöbəyə dəvət etmiş, lakin Şəxs səs-küy salaraq polis şöbəsinə getməkdən imtina etdi və polisin qanuni tələbinə tabe olmadı. Şəxs polis avtomobilinə əyləşmək istəmədiyi üçün göz yaşardıcı qazdan istifadə edərək onu avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilməlidir ki, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Şəxs əməlində polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən hər hansı mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: 02 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar