Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-119/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun və həmin tarixli Qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun və həmin tarixli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən etibarnamə ilə idarə etdiyi “KİA-Optima” markalı ** NV *** dövlət qeydiyyatı olan minik avtomobili ilə Gəncə şəhəri istiqamətində hərəkət edən zaman Nəvai X6 postunda əməkdaşının sağa çək saxla işarəsinə əməl edərək avtomobili saxlamışdır. Avtomobildən düşməyərək əməkdaşın yaxınlaşmasını gözləmiş, əməkdaş yaxınlaşan zaman özünü təqdim etmədən əvvəlcə ona yolda bəzi yerlərdə yolun sol hərəkət zolağını tutduğunu bildirmiş, o isə yol boş olduğu müddətdə həmişə sağ tərəflə hərəkət etiyini bildirmişdir. Daha sonra o sərnişinin (həyat yoldaşı ön cərgədə oturmuşdu və təhlükəsizlik kəməri istifadə vəziyyətində idi) təhlükəsizlik kəmərini taxmadığı üçün 30 manat cərimə olunacağını bildirmiş, əyilib baxarkən kəmərin taxıldığını görmüşdür (əynində paltar qara rəngdə olduğundan seçilmirdi). Sonra əlində telefonla axtarış edərək avtomobilin texniki baxışdan keçmədiyini görüb, indi buna nə deyirsən deməklə ona üstüörtülü pula eyham vurmuşdur. O isə polis əməkdaşına maşınının istehsal tarixinin 2017-ci il olduğunu və texniki baxışdan 2022-ci ilin 31 dekabrına kimi keçməməməli olduğunu bildirmişdir. O, Gəncə şəhərində “9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi”ndə 2022-ci ilin iyul ayının 29 da olmuş (texniki baxış üçün 30 manat rüsumu da ödəmişdir), orada işləyən əməkdaş ona xx.xx.2022-ci il tarixədək vaxtı olduğunu, növbəti 2023-cü ilin yanvar ayının 20-dək müraciət edə biləcəyini bildirmiş və ödəniş qəbzini saxlamağını demişdir. O da orqanın əməkdaşının sözlərinə əməl etmişdir. Ödəniş etdiyi qəbz indi də durur, o, həmin qəbzi 1122 nömrəli əməkdaşa da göstərmiş, əməkdaş ona əhəmiyyət verməyərək, sadə bank kağızıdır deyərək cərimə yazacağı ilə hədələmişdir. O, uzaqlaşanda maşından düşərək polis əməkdaşına ona heç olmasa adını, soyadını deməsini xahiş etmiş, cərimə yazarsa ondan şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşı da ona adının Sadiq, soyadının Həsənov olduğunu demişdir. X3 polis əməkdaşının dediklərinə inanmayaraq, fərqlənmə nişanına baxmış, 1122 olduğunu görmüşdür. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 bildirdi ki, o, avtomobili 2018-ci ilin iyul ayında almışdır. Avtomobil 2017-ci ildə istehsal edilmişdir. Yeni istehsal edilmiş avtomobilin texniki baxışdan azad olma müddətinin 4 il olmasını nəzərə alaraq, 2022-ci il iyul ayının 29-da texniki baxış üçün 30 manat dövlət rüsumunu ödəyərək, qəbzlə birlikdə maşını texniki baxışdan keçirmək üçün Gəncədə 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmişdir. Orada işləyən əməkdaş ona maşını texniki baxışdan keçirmək üçün 31 dekabr 2022-ci il tarixədək vaxtı olduğunu, həmçinin 20 gün möhlət hüququ olmaqla, 20 yanvar 2023-cü il tarixədək keçirə biləcəyini şifahi olaraq bildirmişdir. O, orqanın əməkdaşının sözlərinə inandığına görə texniki baxış üçün 20 yanvar 2023-cü il tarixədək vaxtı olduğunu düşünmüşdür. Ona görə də qayı əməkdaşı onu saxlayan zaman maşını hələ texniki baxışdan keçirmədiyi aşkar olunmuşdur. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan çıxarışdan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, X3 nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİ-İ hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı dövlət rüsumunun, bu Qanunun 30-cu maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan inzibati cərimənin, yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi təmin olunmalıdır. Həmin Qanunun 30-cu maddəsinin Vİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından və şikayət vermiş şəxs X2 ifadəsindən görünür ki, X3 idarə etdiyi avtomobilin texniki baxışdan keçirilməsinə təşəbbüs göstərmiş, bunun üçün müəyyən edilmiş rüsumu öncədən ödəmişdir. Avtomobilin texniki baxışdan keçirilməməsi ona verilmiş yalnış şifahi məlumatla əlaqədar olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməli, X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı prtokol əsasında qəbul edilmiş, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-119/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-119/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver