Məhkəmə qərarları › İş №3(125)-1194/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1194/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1194/2022 15.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərər çəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında müvəqqəti yaşayan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X8 şöbəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində “Chevrolet Cruze” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 2170” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “Chevrolet Cruze” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00-da sürücülük hüququ olmadan “Chevrolet Cruze” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X2 idarə etdiyi “VAZ 2170” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 12:00-da “Chevrolet Cruze” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində “VAZ 2170” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin müddəti başa çatmışdır. Hadisəyə səbəb onun diqqətsizliyi və ara məsafəsini gözləməməsi olmuşdur. Törətdiyi əmələ görə çox peşmandır. Zərər çəkmiş şəxslə barışmışdır və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, həmin halları nəzərə alaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, 01.12. 2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində idarə etdiyi “VAZ 2170” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Chevrolet Cruze” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Lakin, onun avtomobilinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər ödənildiyindən Nahidı Həsənova ilə barışmışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materialları ilə müəyyən olunur ki, “Chevrolet Cruze” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Şəxs sürücülük hüququ olmamışdır. “Avtomotoservis və ticarət Müəssisəsi” tərəfindən verilmiş qüsur aktından görünür ki, “VAZ 2170” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3952 manat zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar