Məhkəmə qərarları › İş №3(125)-1195/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1195/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1195/2025 21.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, Daxili İşlər Nazirliyi Baş X6i İdarəsinin E-Patrol avtomobilinə yerləşdirilmiş xüsusi texniki vasitənin məlumatına görə İnzibati xəta törətməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən xx.xx.2025-ci il tarixdə, saat 14:09-də M 2, E 60, AH 5, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində istifadəsində olan Mercedes Benz ML minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat sürət həddində aşmağa görə xx.xx.2025-ci il tarixdə elektron Qərar (EQ ********) çıxarılmışdır. Qərara əsasən 50 manat və 2 bal cərimə edilmişdir. Hesab edir ki, ona hesablanmış 50 manat və 2 bal cərimə əsassız və qanunsuzdur. Qərarı müraciət edib xx.xx.2025-ci il tarixdə əldə etmiş və 20 gün müddətində xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-950/2025 saylı qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Yenidən hər bir inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edir. Qeyd olunan qərarla bağlı o, hər hansı inzibati xəta törətməmiş, yol hərəkəti qaydalarını pozmamış və qanun pozuntusu etməmişdir. Qərəzli olaraq elektron protokol və qərar tərtib olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində Gəncə şəhəri istiqamətində istifadəsində olan Mercedes Benz ML minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmişdir. Yolda müəyyən edilmiş sürət hədlərinin tələblərinə riayət etmişdir. Yol nişanlarının tələblərini gözləmişdir. Sürət həddi 60 və 90 km olan ərazilərdə avtomobili maksimum sürət həddindən artıq sürətlə idarə etməmişdir. Bəzi yerlərdə maksimum sürət həddi 90 km-dən dərhal 60 km-ə saata endirilmişdir. Həmin ərazilərdə də maksimum sürət həddini gözləmişdir. Baş X6i İdarəsi tərəfindən təqdim olunmuş foto şəkil və video görüntüdən müəyyən olunur ki, qarşı tərəfdən Bakı şəhəri istiqamətində hərəkət edən E-Patrol markalı DYP avtomobili əsassız və qanunsuz olaraq onun avtomobilini çəkmiş və nəticədə elekton protokol və qərar çıxarılmışdır. Fotoşəkili ərizəsinə əlavə edir. Video görüntünü məhkəmə iclasında təqdim edəcəkdir. Belə ki, foto və video görüntüdən açıq-aydın görünür ki, o, yolda müəyyən edilmiş maksimum sürət həddini aşmamışdır. Onunla paralel hərəkət edən avtomobillər də maksimum sürət həddini gözləmişdir. Bundan başqa video görüntüdən tam aydın olur ki, DYP-nin E-Patrol markalı avtomobili orta axının sürətinə nisbətən çox yüksək sürətlə hərəkət etmiş və süni olaraq avtomobillərin sürətinin faktiki olandan yüksək olduğu təəssüratını yaratmışdır. Buna görə də təkidlə bildirir ki, o, ümumiyyətlə inzibati xəta törətməmişdir. Bundan başqa onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Bu səbəbdən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26117505 saylı elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, görüntüləri özündə əks etdirən DVD diskə baxış keçirərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında X3 hər hansı inzibati xəta törətmədiyini, yol hərəkəti qaydalarını pozmadığını və qanun pozuntusu etmədiyini, yolda müəyyən edilmiş sürət hədlərinin tələblərinə riayət etdiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında qeyd edilən hadisənin görüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilən zaman görünür ki, Mercedes Benz ML minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu həmin istiqamətdə xüsusi texniki vasitə var. O cümlədən görüntülər əks istiqamətdən çəkildiyi üçün həmin istiqamətdə hərəkət sürətinin neçə kilometr saat olmasını isə müəyyənləşdirmək qeyri-mümkündür. Belə olan halda sürücünün əməlində İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar