Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1197/2022 15.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2000-ci il tarixdə Daşkəsən rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Çıraqlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 535.1, və 511.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:40 radələrində ağ rəngli VAZ 2107 markalı dövlət qeydiyyat nömrə nişanları üzərində olmayan avtomobil ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektində avtoxuliqanlı hərəkətləri etmiş, növbədə xidmətdə olan yol-patrul xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtomobili yüksək sürətlə Abbas Səhhət adlanan ərazidə yaşayış binalarının arasında ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtomobili yolayrıcında arxa təkərləri yolun səthində sürüşdürərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Saxlandıqdan sonra yol patrul xidməti əməkdaşları ilə yüksək səslə, nalayiq ifadələrdən istifadə etməklə danışmış, polis əməkdaşları onu intizama dəvət etsə də, buna məhəl qoymayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin sahə rəisi X3 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, barəsində icraat aparılan şəxs etdiyi xuliqanlıq hərəkətləri ilə Gəncə şəhərində gecə saatlarında ətrafdakı diqqətini cəlb etmiş, etdiyi xuliqanlıq hərəkətlərini video çəkilişlə qeydə alaraq “Tiktok” sosial şəbəkəsində yerləşdirmişdir. Belə hərəkətlərin edilməsi daxili işlər orqanlarının nüfuzuna zərbə vurduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, inzibati xəta haqqında protokolda qeyd edilən əməlləri törətmişdir. O bunu əsəbi olduğundan həkim tərəfindən təyin edilmiş preparatları qəbul etməsi ilə əlaqələndirmişdir. Etdiyi xuliqanlıq hərəkətlərinin dayandırılması üçün polisin ona saxla əmri verməsi onu daha da özündən çıxarmış, hətta onun avtomobilini saxladıqdan sonra polis əməkdaşları ona zor tətbiq edərək ona bir neçə zərbə endirmişlər. O bundan hiddətlənərək post patrul avtomobilinə əyləşən zaman avtomobilin qapısına ayaqla zərbələr endirmişdir. Hesab edir ki, 44 X2 iştirak etdiyinə görə ona güzəşt edilərək inzibati xəta üzrə məsuliyyətdən azad edilməlidir. Protokol tərtib şəxsin ifadəsində razılaşmadığı yeganə məqam onun saxlandıqdan sonra nalayiq ifadələr işlətməsidir. Qarabağ qazisi olduğu nəzərə alınaraq, barəsində inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1 və 511.2-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 15 dekabr 2022-ci il tarixli İXP 5105698, MN №1463487 saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs Gəncə şəhərində gecə saatlarında avtoxuliqanlıq hərəkətləri etmiş, saxlandıqdan sonra yol patrul xidməti əməkdaşları ilə yüksək səslə, nalayiq ifadələrdən istifadə etməklə danışmış, polis əməkdaşları onu intizama dəvət etsə də, buna məhəl qoymayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1 və 511.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 15 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 dekabr 2022-ci il tarixdə saat 01:20-də tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş iki ədəd CD diskdən görünür ki, CD disklərin birində barəsində icraat aparılan şəxsin “Tiktok” sosial şəbəkəsinə yerləşdirdiyi, digərində isə təhlükəsizlik şəhər kameraları tərəfindən qey edilmiş avtoxuliqanlıq videogörüntüləri öz əksini tapmışdır. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1, 511.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin etirafedici ifadələrindən aydın olduğu kimi Şəxs əməlinin ictimai təhlükəliliyini dərk etmir. İnzibati xəta törətmiş şəxs Şəxs 44 X2 iştirakı yüngülləşdirici hal kimi nəzərə alınır, onun əməlində ağırlaşdırıcı hal müəyyən edilmir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 511.2-ci maddəsinə əsasən Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1 və 511.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, eyni inda iki inzibati xətanı törətməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 3(044)-112/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli Qərarına əsasən Şəxs nəqliyyat vasitəsinin idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat cərimə edilmişdir. Göründüyü kimi, onun barəsində inzibati tənbeh növü həbs seçilməmiş, o da öz növbəsində göstərilmiş xətanı törətməyəcəyinə söz vermişdir. Lakin törədilmiş xətadan bir ildən az vaxt keçməsinə baxmayaraq, Şəxs eyni əməli törətmiş, bu dəfə törətdiyi xəta barəsindəki videogörüntüləri sosial şəbəkələrə əlavə edərək cəmiyyətdə avtoxuliqanlıq hərəkətlərini təbliğ etmiş, görüntülərdə onun polis əməkdaşları tərəfindən təqib edilməsini də göstərərək cəmiyyətdə polis orqanlarının fəaliyyətinə kölgə salmağa cəhd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətdən yayınmanın mümkünlüyünü sosial şəbəkələrdə yerləşdirərək geniş ictimaiyətə təbliğ etməsi yolverilməzdir. Ona görə də onun barəsində daha ağır – həbs növündə inzibati tənbeh növü seçilməlidir. Onun 44 X2 iştirakı ona hüquq mühafizə orqanlarının fəaliyyətinə sosial şəbəkələr vasitəsinə kölgə salmasına əsas vermir. Şəxs həbsetməsinin əvvəli onun tutulduğu gündən - 15 dekabr 2022-ci il saat 01:20-dən hesablanmalıdır. Azərbaycan Respblikasının İnzibati Xətalar Məcəlləsinin 153.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. Yuxarıdakı müddəanı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində tətbiq ediləcək nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehinin əvvəli Gəncə Şəhər Məhkəməsinin 3(044)-112/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli Qərarına əsasən barəsində tətbiq edilmiş 1 (bir) il müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququn məhdudlaşdırılmasının bitdiyi gündən – xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 511.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 dekabr 2022-ci il tarixdən saat 01:20-dən hesablansın. Barəsində tətbiq edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehinin əvvəli Gəncə Şəhər Məhkəməsinin 3(044)-112/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli Qərarına əsasən barəsində tətbiq edilmiş 1 (bir) il müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququn məhdudlaşdırılması tənbeh müddətinin bitdiyi gündən – xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1197/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1197/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver