Məhkəmə qərarları › İş №3(125)-1197/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1197/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1197/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, yol vərəqəsi əsasında idarə etdiyi Hyundai Accent minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10 mart 2025-ci il tarixdə Əli Nəzmi küçəsində hərəkətdə olarkən o, Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən saxlanılaraq əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək, 10 mart 2025-ci il tarixli, İXP ******* saylı protokola əsasən, TP ******* saylı xx.xx.2025 tarixində verilən qərarla 100 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində olan TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, inzibati xəta haqqında məcəllədə və onun əsasında qəbul edildiyi kimi onun idarə etdiyi Hunday Accent markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2 №-li poliklinikanın (3 №-li xəstəxana) qarşısında olan dairəyə tam qanuni şəkildə nişan tələbinə riayət edib, hərəkət etmişdir. O, dairənin boş olduğunu görüb hərəkəti davam etdirdi. Nəzərdə tutulmuş qaydaları pozmamışdır. Lakin yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş protokolda guya onun idarə etdiyi Hyundai Accent minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dairəyə daxil olan zaman dairədə olan nəqliyyat vasitəsinə yol verməmişdir, nişan və yolayrıcını keçmə tələbini pozmuşdur. Lakin qeyd olunan halların heç biri olmamışdır. Onun barəsində əsassız protokol tərtib edərkən Yol patrul xidməti inspektoruna bunun əsassız olduğunu bildirmişdir. Göründüyü kimi, o, Hyundai Accent markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 mart 2025-ci il tarixində idarə edərkən heç bir qayda pozuntusuna yol verməmişdir. Bununla da o, İXMnin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara əsasən TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın qanunsuz və əsassız olmasına görə ləğv edilməsini ədalətli nəticə hesab edir. Qeyd olunanlara əsasən TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirmişdir ki, o, heç bir inzibati xəta törətməmişdir. Yəni o, yol nişanlarının tələblərinə əməl edərək avtomobili idarə etmiş və dairəyə daxil olmuşdur. Qeyd edilənlər onun avtomobilində qeydə alınmış görüntülərdən də aydın şəkildə görünür. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq, məhkəməyə təqdim edilmiş DVD disklərə baxış keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 və Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən təqdim edilmiş DVD-disklərdə olan görüntülərə baxış keçirib, hər iki diskdə olan görüntüləri müqayisəli şəkildə təhlil edib inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmişdir. Məhkəmə iclasında sürücü yol hərəkət qaydasını pozmadığını, heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər DYPŞ-nin üzərinə qoyulsa da, həmin orqan 09 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndələrinin iştiraklarını təmin etməməklə yanaşı, həmçinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı əlavə mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər DYPŞ-nin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar