Məhkəmə qərarları › İş №3(125)-1199/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1199/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1199/2022 15.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən şəhəri, Ş.İ.Xətai prospekti, ev 2, mənzil 11-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Gəncə şəhərinin müxtəlif yerlərində yol hərəkət qaydalarını pozmaqla idarə olunan Vaz 2107 markalı maşında olan sərnişinlərdən biri olmaqla ictimai yerdə səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozmaqla xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2ci Polis Şöbəsinin polis sahə rəisi X2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Gəncə şəhərinin müxtəlif yerlərində yol hərəkət qaydalarını pozmaqla idarə olunan Vaz 2107 markalı maşında olan sərnişinlərdən biri Şəxs həqiqətən də protokolda qeyd olunan əməli törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, qeyd edilən inzibati xətanı törətmiş, əməlindən peşmandır, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis əməkdaşı Vəkilov Akif Aydın oğlu ifadəsində bildirdi ki, Şəxs ictimai yerdə səs-küy salmış və ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin polis inspektoru X3 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Gəncə şəhərinin müxtəlif yerlərində yol hərəkət qaydalarını pozmaqla idarə olunan Vaz 2107 markalı maşında olan sərnişinlərdən biri Şəxs ictimai yerdə səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 01:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salmaqla ictimai qaydanı pozması, yəni İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlindən səmimi peşman olmasını, İXM-nin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 60 (altmış) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar