Məhkəmə qərarları › İş №3(125)-12/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-12/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-12/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Gəncə Şəhəri Regional Vəkillər Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından idxal etdiyi və xx.xx.2024-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə 77XM780/99ZD780 qeydiyyat nişanlı nəqliyyat vasitəsində daşınan “Pərakəndə satış üçün qablaşdırılmış vasitələr (salfetka, şampun, perwol və s.)” yükü xx.xx.2024-cü il tarixli, **********4981 sorğu nömrəli gömrük bəyannaməsi ilə Gəncə Gömrük İdarəsində “sərbəst dövriyyə" gömrük prosedurunda rəsmiləşdirildiyi, yükə baxış zamanı bəyannamənin 2-ci mal mövqeyində bəyan edilən 288 ədəd 4 l-lik “Perwoll sıvı çamaşır deterjanı” - 320 ədəd və 1-ci mal mövqeyində bəyan edilən 7200 ədəd 1 l-lik “Perwoll sıvı çamaşır deterjanı” - 8620 ədəd olduğu və aşkar edilmiş yüklərin 77XM780/99ZD780 qeydiyyat nişanlı nəgliyyat vasitəsinə yüklənərək AZ DGK171 nömrəli plomb tətbiq olunaraq gömrük təminatı altına alındığı barədə Gəncə Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və Təhqiqat Şöbəsinə xx.xx.2024-cü il tarixli, 3-33-1600/012/002921 nömrəli raport daxil olmuşdur. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil çıxışında bildirmişdi ki, şirkət topdan satışla məşğul olduğu halda ekspertiza cəriməni pərakəndə satışı ilə hesablamış və bu səbəbdən də ekspertin rəyi ilə razılaşmamışlar. Sonda hüquqi şəxsin həmin mallardan imtina etmək istəyini və utilizasiya olunmasını təklif edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Gəncə Gömrük İdarəsinin nümayəndəsi X4 çıxışında protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, **********4981 nömrəli Gömrük bəyannaməsindən görünür ki, “Perwoll sıvı çamaşır deterjanı 1 lt” - 7200 ədəd, “Perwoll sıvı çamaşır deterjanı 4 lt” – 288 ədəd, “Head&Shoulders” markalı “Şampun 350 ml” 1656 ədəd, "Salfetka" 9888 ədəd kimi qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2, 92.2.1, 92.2.6 və 99-cu maddələrinə əsasən Rəsmiləşdirmə Mərkəzinin böyük inspektoru, gömrük xidməti baş leytenantı X2, Əməliyyat və Təhqiqat şöbəsi Hədəfləmə və Koordinasiya bölməsinin inspektoru X7, 77XM780/99ZD780 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə Gəncə şəhəri, Gəncə-Şəmkir Şossesi ünvanında yerləşən anbarına baxış keçirilərkən 1-ci mal mövgeyində qeyd olunan Perwoll sıvı çamaşır deterjanı 1 lt - 7200 ədəd qeyd olunmasına baxmayaraq 8620, 2-ci mal mövqeyində qeyd olunan Perwoll sıvı çamaşır deterjanı 4 lt – 288 ədəd olduğu qeyd olunmasına baxmayaraq 320 ədəd, 4-cü mal mövqeyində qeyd olunan “Head&Shoulders” markalı “Şampun 350 ml” 1656 ədəd qeyd olunmasına baxmayaraq 1620 ədəd, 7 və 8-ci mal mövqeyində qeyd olunan “Luba” və “Sensitive” markalı "Salfetka" 9888 ədəd qeyd olunmasına baxmayaraq 4944 ədəd aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli “təhvil-təslim aktı”ndan görünür ki, Şəxs MMC-yə məxsus **********4981 sorğu bəyannaməsində düzgün bəyan olunmayan 1420 ədəd Perwoll sıvı çamaşır deterjanı 1 lt, 32 ədəd - Perwoll sıvı çamaşır deterjanı 4 lt mallar Gəncə Gömrük İdarəsinin anbarına X9 tərəfindən X3 təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması” haqqında qərardaddan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - xx.xx.2024-cü il tarixli 9/6881 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin aktından görünür ki, 4 l həcmdə olan “Perwoll” markalı yuyucu vasitənin 32 ədədi – 624 manat, 1 l həcmdə olan “Perwoll” markalı yuyucu vasitənin 1420 ədədi – 12141 manat olmaqla cəmi 12765 manat dəyərində qiymətləndirilmişdir. Bu qiymətlər xx.xx.2024-cü il tarixinə olan orta bazar qiymətinə əsaslanmışdır. - Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil Gəncə şəhər Məhkəməsinə təqdim etdiyi vəsatətindən görünür ki, MMC ekspert tərəfindən mallara qoyulmuş qiymətlərlə razılaşmadığına görə yenidən ekspertiza təyin edilməsini xahiş etmişdir. - Gəncə şəhər Məhkəməsinin 3(125)-3708/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. - xx.xx.2025-ci il tarixli 9/47 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin aktından görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6881 nömrəli rəyin nəticəsi təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********4981 sorğu nömrəli gömrük bəyannaməsində “Perwoll sıvı çamaşır deterjanı 1 lt” - 7200 ədəd, “Perwoll sıvı çamaşır deterjanı 4 lt” – 288 ədəd, “Head&Shoulders” markalı “Şampun 350 ml” 1656 ədəd, "Salfetka" 9888 ədəd qeyd olunmuş, lakin “Perwoll sıvı çamaşır deterjanı 1 lt” - 8620 ədəd, “Perwoll sıvı çamaşır deterjanı 4 lt” - 320 ədəd, “Head&Shoulders” markalı “Şampun 350 ml” - 1620 ədəd, “Salfetka” – 4944 ədəd müəyyən eilmişdir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 30 faizi miqdarında yəni, 3829,50 manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizi miqdarında, yəni 3829,50 (üç min səkkiz yüz iyirmi doqquz manat əlli qəpik) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinə görə Şəxs MMC-dən 100 (yüz) manat məbləğində pul tutularaq dövlət nəfinə keçirilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar