Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1201/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, məhkəmə iclas katibi Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax rayonu YPX-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onu barəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax rayonu YPX-nin xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində VAZ-21074 markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərindən Yevlax rayonu istiqamətində hərəkət edərkən Yevlax rayonu YPX-nin əməkdaşları ona saxlama işarəsi vermiş, o, avtomobilini saxlayarkən polislər ona yaxınlaşmış, avtomobilin qarşı yan tərəf pəncərəsinin normadan artıq tünd rəngdə olduğunu bildirmiş, o isə həmin şüşələrin zavoddan avtomobilin üstündə gələn öz şüşələri olmasını qeyd etmiş və əgər şübhələnirlərsə aparatla yoxlanılmasını təklif etmişdir. Həmin vaxt protokol tərtib edilməmişdir. Yoxlamaq üçün avtomobili Yevlax rayon BPİ-nə aparılmışdır. Orada aparat gətirib şüşələri yoxlayarkən aparat “0” rəqəmini göstərmişdir. Əməkdaşlar demişlər ki, aparat düzgün işləmir, xarab olub, başqa apartla yoxlamalıyıq. Daha sonra avtomobili polis idarəsinin həyətinə aparmış və açarı ondan almışlar. O, polis əməkdaşlarının hərəkətindən Yevlax rayon PŞ-nin rəisinə şikayət etmişdir. Lakin nəticəsi olmamışdır. Ona 5 dəqiqə gözləməyini demişdilər, amma o 1 saatdanda çox gözləmişdir. Bundan sonra ona yeni aparatla şüşələri yoxladıqlarını və şüşələrin tünd olduğu demişlər. O, polis əməkdaşlarına öz narazılığını bildirərək demişdir ki, yoxlama onun iştirakıla keçirilməli idi, yoxlama zamanı istifadə olunan aparatın sertifikatını göstərin, bəlkə bu sizin aparatınız xarabdır. Amma ona sənəd göstərməmişlər. Şöbədə tərtib edilmiş protokolda onun tərtib edilmə vaxtını 11:11 göstərmişlər. Avtomobilini isə onunla birlikdə axşam saat 19:00-dək saxlamışlar. Həmin vaxt protokol tərtib olunmuş, lakin inzibati xəta haqqında qərarı verməmişlər. Protokolda göstərilmişdir ki, guya o, Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin nədən ibarət olması göstərilməmişdir. Sonda o Yevlax rayonu YPX-nin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu əsassız tərtib edildiyindən və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı qeyri-qanuni olduğu üçün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yexlax YPX-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yexlax YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki şikayətçinin inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsi üçün istifadə edilmiş xüsusi texniki vasitənin məlumatları barədə heç bir məlumat göstərilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələbləri baxımından xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. - 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Şikayətə əlavə edilmiş TP6370694 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın aşkar edilməsi üçün istifadə edilmiş xüsusi texniki vasitənin göstəricilər barədə heç bir məlumat göstərilməmiş, sübut növü kimi heç bir foto və video görüntü iş protokola və qərara əlavə edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Yevlax rayon polis şöbəsinə sorğu verilərək X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP6370694 nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş materialların məhkəməyə təqdim edilməsi tələb edilsə də, sorğuya cavab verilməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan xx.xx.2024-cü il tarixli TP6370694 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuşdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Yevlax rayon yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Yevlax rayon polis şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1201/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1201/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver