Məhkəmə qərarları › İş №3(125)-1209/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1209/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1209/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə monitorinqi departamentinin direktoru X1 tərəfindən tərtib edilmiş, BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 mart 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1971-ci il təvəllüdlü, BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri Şəxs (AA*******, FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 2-də fəaliyyət göstərən BOKT "xxxx" MMC-də (BOKT) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2017 xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir:

1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.2-ci və 4.4-cü maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir və bu məqsədlə müştərini eyniləşdirməli, müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər; "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan minumum məlumatlar qeyd edilmişdir. Bundan başqa, MUT Qaydalarının 3.1-ci bəndinə görə bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatlar müştəri profilinə daxil edilir və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasında müştəri profili üzrə risk qrupu müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən 2024-cü ilin avqust ayında 275 sayda yeni müştərilərlə işgüzar münasibətlər yaradılmasından əvvəl müştərilərin və onların səlahiyyətli nümayəndələrinin eyniləşdirilməsi məqsədilə MUT Qaydaları ilə nəzərdə tutulmuş aşağıdakı məlumatlar əldə edilməmiş, müştərilərin fərdi risk dərəcələri (qrupları) müəyyən olunmamışdır (Yoxlama haqqında hesabat, səh 42-43, 45). Fiziki şəxslərə münasibətdə: • müştərinin poçt ünvanı və elektron poçt ünvanı (2.1.1.2-ci yarımbəndinə əsasən); • hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmadığı təqdirdə və ya gəliri ilə əməliyyat aparmaq istədiyi əmlakın məbləği arasında uyğunsuzluq müəyyən edildikdə müştərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər (o cümlədən hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmayan və ya gəliri ilə əməliyyat məbləği arasında uyğunsuzluq müəyyən edilmiş maliyyələşdirən (sponsor) şəxslərin özlərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər) barədə bu Qaydaların 2.1.1.1-2.1.1.5-ci abzaslarında nəzərdə tutulan məlumatlar (2.1.1.5-ci yarımbəndinə əsasən); • əməliyyatın (əqdin) öz adından, lakin başqa şəxsin xeyrinə və ya tapşırığı ilə həyata keçirildiyi halda, həmin şəxsə dair bu Qaydaların 2.1.1.1-2.1.1.5-ci abzaslarında nəzərdə tutulmuş məlumatlar (2.1.1.6-cı yarımbəndinə əsasən); • son 12 ayda xaricə və xaricdən köçürmələrinə və bu köçürmələrin həcminə dair məlumat (2.1.1.7-ci yarımbəndinə əsasən); Fərdi sahibkarlara münasibətdə: • fəaliyyət növləri (faktiki fəaliyyət növü) (2.1.3.2-ci yarımbəndinə əsasən); • təqdim etdiyi malların, gördüyü işlərin və ya göstərdiyi xidmətlərin növü (2.1.3.3-cü yarımbəndinə əsasən); • işçilərinin və mülki hüquqi müqavilələr üzrə işə cəlb edilmiş hüquqi və fiziki şəxslərin sayı (olduğu təqdirdə) (2.1.3.4-cii yarımbəndinə əsasən); • son 12 ayda xaricə və xaricdən köçürmələrinə və bu köçürmələrin məbləğinə dair məlumat (olduğu təqdirdə) (2.1.3.8-ci yarımbəndinə əsasən); • əsas müqavilə tərəfdaşlarına dair eyniləşdirmə məlumatları (olduğu təqdirdə) (2.1.3.9-cu yarımbəndinə əsasən); • son 12 ay ərzində qalib olduğu dövlət satınalmalarına dair məlumat və bu məqsədlə mövcud əməliyyatların məbləği (olduğu təqdirdə) (2.1.3.10-cu yarımbəndinə əsasən); Hüquqi şəxslərə münasibətdə: • nizamnamə kapitalının məbləği, onun formalaşma mənbəyi və maliyyə vəziyyəti (aktivləri, passivləri, kapitalı və dövlət büdcəsinə borclar və digər icbari ödənişlər) (2.1.4.5ci yarımbəndinə əsasən); • benefisiar mülkiyyətçilərə dair bu Qaydaların 2.1.1.1-2.1.1.5-ci abzaslarında nəzərdə tutulmuş məlumatlar (2.1.4.7-ci yarımbəndinə əsasən); • idarəetmə və nəzarət orqanlarında çalışan şəxslərin adı, soyadı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, vəzifəsi (2.1.4.8-ci yarımbəndinə əsasən); • bu Qaydaların 2.1.3.4-2.1.3.11-ci abzaslarında nəzərdə tutulmuş məlumatlar (2.1.4.9-cu yarımbəndinə əsasən). 1-ci bənddə qeyd edilən 275 sayda müştərilərə münasibətdə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2.1. "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1-ci maddəsinə görə (anoloji tələb xx.xx.2023-cii il tarixədək qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır: - müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; - müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; - məlumat və sənədlərinin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; - öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi; - şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; - şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi; - öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; - yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi; - daxili auditin (olduğu təqdirdə) öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramını qiymətləndirməsi üzrə standartlarının təsdiq edilməsi. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də yuxanda qeyd edilən qayda və prosedurlar mövcud olmamışdır (Yoxlama haqqında hesabat, səh 37). 2.2. Bununla yanaşı, ƏL/TMM Qanunun 10.1.3-cü maddəsinə və DNP-nin 4.1-ci bəndinə görə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsini təmin etməlidirlər. Həmçinin DNP-nin 2.6-cı bəndinə görə öhdəlik daşıyan şəxslərin rəhbərliyi əmək funksiyalarının xüsusiyyətlərinə uyğun olaraq işçilərin vəzifə təlimatlarında ƏL/TMM-yə dair hüquq və vəzifələrinin müfəssəl şəkildə qeyd edilməsini təmin etməli və hər bir vəzifənin əmək funksiyasına uyğun olaraq xüsusiləşdirilmiş yanaşma tətbiq etməli, eləcə də fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq struktur vahidlərin ƏL/TMM üzrə hüquq və vəzifələrini müəyyən etməli, hər bir struktur vahidin rolu üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər. Yoxlama zamanı aşkar edilmişdir ki, BOKT-də daxili nəzarət proqramı çərçivəsində ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi ilə bağlı daxili qaydalar (mexanizmlər) təsdiq edilməmişdir. Yoxlama dövründə rəhbər şəxslərin ƏL/TMM üzrə vəzifə təlimatlarında, ƏL/TMM üzrə struktur vahidlərinin əsasnamələrində və işçilərin vəzifə təlimatında ƏL/TMM üzrə hüquq və vəzifələr müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat. Sah. 38). 2.3. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Həmçinin DNP-nin 5.1.1-ci və 5.1.4-cü yarımbəndlərinə görə öhdəlik daşıyan şəxs Qanunun tələblərinin, ƏL/TMM sahəsində digər hüquqi aktların və daxili nəzarət proqramı çərçivəsində qəbul olunmuş daxili qayda, prosedurlar və nəzarət mexanizmlərinin tətbiq olunmasının səmərəliliyini qiymətləndirən müstəqil audit mexanizminə malik olmalıdır və bu mexanizm daxili audit tərəfindən həyata keçirildikdə onun beynəlxalq standartlara uyğunluğu təmin edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də ƏL/TMM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmiş, daxili auditin beynəlxalq standartlara uyğunluğu təmin olunmamışdır (Yoxlama haqqında hesabat, səh 39). 2.4. Həmçinin DNP-nin 2.5.6-cı yarımbəndinə görə (anoloji tələb DNS-in 11-ci bəndində göstərilmişdir) görə məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurlarda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, BOKT-də müştərilərin sənədlərinin elektron (skan edilmiş) surətləri "Google Drive" resursunda saxlanılmaqdadır (Yoxlama haqqında hesabat, səh 47). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (275 sayda yeni müştəriyə münasibətdə) və 598.1.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında xx.xx.2024 - xx.xx.2024cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Nəticədə BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (275 sayda müştəriyə münasibətdə) və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər, lakin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini və iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarından da görünür ki, yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2017 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində BOKT tərəfindən 2024-cü ilin avqust ayında 275 sayda yeni müştərilərlə işgüzar münasibətlər yaradılmasından əvvəl müştərilərin və onların nümayəndələrinin eyniləşdirilməsi məqsədilə müştərilərin fərdi risk dərəcələri (qrupları) müəyyən olunmamış, müştərinin poçt ünvanı, elektron poçt ünvanı, hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmadığı təqdirdə və ya gəliri ilə əməliyyat aparmaq istədiyi əmlakın məbləği arasında uyğunsuzluq müəyyən edildikdə müştərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər (o cümlədən hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmayan və ya gəliri ilə əməliyyat məbləği arasında uyğunsuzluq müəyyən edilmiş maliyyələşdirən (sponsor) şəxslərin özlərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər) barədə MUT qaydalarının 2.1.1.1-2.1.1.5-ci abzaslarında nəzərdə tutulan məlumatlar əldə edilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də daxili nəzarət proqramı çərçivəsində ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi ilə bağlı daxili qaydalar (mexanizmlər) təsdiq edilməmişdir. Yoxlama dövründə rəhbər şəxslərin ƏL/TMM üzrə vəzifə təlimatlarında, ƏL/TMM üzrə struktur vahidlərinin əsasnamələrində və işçilərin vəzifə təlimatında ƏL/TMM üzrə hüquq və vəzifələr müəyyən edilməmiş, ƏL/TMM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmiş və müştərilərin sənədlərinin elektron (skan edilmiş) surətləri “Google Drive” resursunda saxlanılmışdır. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri Şəxs tərəfindən İXM-in 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir; 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunan normaların məzmununa uyğun olaraq BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ona 598.1.1-ci maddə üzrə hər bir müştəriyə və əməliyyata görə münasibətdə sanksiyada nəzərdə tutulmuş cərimə tətbiq edilməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 10.000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri üzrə təqsirli bilinərək, ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, ona 10.000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar