Məhkəmə qərarları › İş №3(125)-1211/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1211/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1211/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin sahə rəisi Elnur Namazovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri Q. Nəbi 3-cü döngə ev 6-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri H.Hacıbəyov küçəsi bina 119 qarşısında arvadı və qaynansını söyərək təhqir etmişdir. Ona görə də barəsində İXM-nin 510-cu ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs 2-ci Polis Şöbəsinin sahə rəisi Elnur Namazov inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bir neçə müddətdir ki yoldaşı ilə aralarında ailə münaqişəsi olduğu üçün yoldaşı öz anası evində qalır. 19 iyun 2023-cü il tarixdə qohumu ilə oturub içdikdən sonra qızını görmək üçün qayınanasının evinə gəlmiş, yoldaşına zəng vuraraq uşağı çıxartmasını xahiş etmişdir. Lakin, yoldaşı onun sözünə əhəmiyyət vermədiyi üçün əsəbləşərək onun və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra sahə rəisi gəldikdə isə onunla birgə Polis Şöbəsinə gəlmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Xəyalə Allahverdiyeva şahid qismində izahat verərək bildirdi ki, Şəxs onun yoldaşıdır. Aralarında ailə münaqişəsi baş verdiyi üçün o anasının evində qalır. Şəxs 19 iyun 2023-cü il tarixdə uşağı görmək üçün gəlmiş, o isə uşağı ona verməmişdir. Buna görə də Şəxs onu və anasını söyərək, nalayiq ifadələr işlətmişdir. Şəxs 2 gündən bir uşaq üçün gəlir, ayna-qapılarını qırır. Məhkəmə iclasında Kazımova İradə şahid qismində izahat verərək bildirdi ki, o, Şəxs qayınanasıdır. 19 iyun 2023-cü il tarixdə Şəxs onun evinə gələrək qışqırmış, ünvanına nalayiq ifadələr işlətmiş, evə limonka atacağını demişdir. Məhkəmə iclasında Zaur Məmmədov şahid qismində izahat verərək bildirdi ki, o, Kazımova İradənin qonşusudur. 19 iyun 2023-cü il tarixdə Şəxs onun evinİn aynalarını qırmış, qapısına təpiklə vurmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu madəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 20 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanını qarşısında arvadı və qaynansını söyərək təhqir etmişdir. Ona görə də barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “inzibati qaydada tutma haqqında” 19 iyun 2023-cü il tarixli Protokoldan görünür ki, Şəxs 19 iyun 2023-cü il tarixdə saat 20:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 20 iyun 2023-cü il tarixli 1542/2023 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. Beləliklə, Şəxs İXM-nin 510 -cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin etirafedici ifadələrindən aydın olduğu kimi Şəxs əməlinin ictimai təhlükəliliyini dərk edir və səmimi peşmançılıq keçirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanə törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar