Məhkəmə qərarları › İş №3(125)-1211/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1211/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1211/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X1 iştirakları ilə, Şəxs (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs (bundan sonra MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:40-da ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar “fizioterapevtik” və "xxxx" işləri və sertifikatsız praktik tibbi fəaliyyəti ilə məşğul olması faktı aşkarlandı (X3 tərəfindən). Nəticədə hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X3 izahatında bildirdi ki, o, "xxxx" MMC-nin direktorudur və sertifikatsız praktik tibb fəaliyyəti ilə məşğul olmur. Sənədlər hazır blanklarda olur və həkim X5 tərəfindən imzalanır. Ona görə də MMC-də sertifikasiyadan keçməyən işçini işə və ya tibbi xidmətlərin göstərilməsinə cəlb etmək faktı öz əksini tapmamışdır. Protokolda qeyd olunan digər pozuntuya dair bildirdi ki, "xxxx" MMC-də icazə verilən işlərin siyahısı terapevtik, klinik, klinikbiokimyəvidir. "xxxx" MMC-də protokolda qeyd edilən “fizioterapevtik” və "xxxx" işləri həyata keçirilməmişdir. Belə ki, uzi aparatının olması əvvəllər MMC-də terapevt işləməsi ilə bağlı olmuş, lakin hazırda həmin aparatdan istifadə edilmir, sadəcə uzi aparatı MMC-nin əmlakı olduğu üçün orada saxlanılmışdır. Həmçinin, fizioterapevt reabilitoloq Balakişi Qasımovun MMC-də yerləşdirilmiş reklam xarakterli şəklindən də aydın şəkildə görünür ki, Balakişi Qasımovun fəaliyyət göstərdiyi ünvan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 550A ünvanıdır. İnzibati xəta haqqında iş üzrə aparılan icraat zamanı inzibati xəta üzrə sübut etmə yükünün inzibati xəta haqqında protokol tərtib edən şəxsin üzərinə düşməyinə baxmayaraq hazırki inzibati xəta haqqında iş üzrə inzibati orqan inzibati xətanın törədilməsini sübuta yetirə bilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, "xxxx" MMC-də tibb bacısı işləyir. X3 "xxxx" MMC-də həkim kimi fəaliyyət göstərmir, o, MMC-nin direktorudur. MMC-də sənədlər hazır blanklarda olur və həmin sənədləri MMC-də həkim kimi fəaliyyət göstərən X5 doldurur və imzalayır. O, həmçinin qeyd etdi ki, MMC-də uzi aparatı olsa da hazırda ondan istifadə edilmir. O cümlədən MMC-də reklam xarakterli şəkildə olan fizioterapevt reabilitoloq Balakişi Qasımov isə MMC-də fəaliyyət göstərmir. İş materiallarında olan "xxxx" MMC-də özəl tibb müəssisəsinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsinə dair T-090 nömrəli, xx.xx.2025-ci il tarixli aktından görünür ki, aktda hüquqi şəxsə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar “fizioterapevtik” və "xxxx" işləri və sertifikatsız praktik tibbi fəaliyyəti ilə məşğul olması faktı aşkar edilməsi qeyd edilmişdir (X3 tərəfindən). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X2” Publik Hüquqi şəxsinə daxil olmuş "xxxx" MMC-nin məlumatında “terapevtik, klinik və klinik-biokimyəvi ixtisas növləri üzrə görülən işlər qeyd edilmişdir. Məhkəmə, "xxxx" MMC-nin direktorunun izahatını dinləyərək, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və ya hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli, İN/L-253/2018 nömrəli lisenziya əsasında ünvan 3 ünvanında yerləşən "xxxx" MMCyə özəl tibb fəaliyyəti üzrə lisenziya verilmiş, həmin lisenziyanın əlavəsi əsasında müəyyən edilmiş ixtisas növləri üzrə işlərin görülməsinə icazə verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən lisenziyadan kənar “fizioterapevtik” və "xxxx" işlərinin görülməsi, yəni lisenziyadan kənar hər hansı bir tibbi xidmətin göstərilməsi iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş qeyd edilən iki növ işlərin görülməsinə icazə olmadığı halda həmin işlərin görülməsini əks etdirən foto şəkillər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Çünki həmin şəkillərdə qeyd edilən işlərin göstərilməsi əyani şəkildə öz əksini tapmır, həmin işləri görən şəxslərin kimliyi müəyyən edilməmiş, onların bu barədə izahatları alınmamış, həmçinin məhkəməyə həmin foto şəkillərin məzmununu açıqlayan hər hansı bir dəlil təqdim edilməmişdir. Bununla yanaşı fizioterapevt reabilitoloq Balakişi Qasımovun MMC-də yerləşdirilmiş reklam xarakterli şəklindən də aydın şəkildə görünür ki, Balakişi Qasımovun fəaliyyət göstərdiyi ünvan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 550A ünvanıdır. Qeyd olunanlar bir daha onu göstərir ki, Balakişi Qasımov "xxxx" MMC-də fəaliyyət göstərməmişdir. O cümlədən bununla bağlı aşkar edilən lisenziyadan kənar fəaliyyət göstərilən işlər üzrə həmin işləri həyata keçirən həkimlərin izahatı alınmamışdır. Belə olan halda məhkəmə bu halı "xxxx" MMC tərəfindən icazə verilməyən xidmətlərin göstərilməsi kimi qiymətləndirmir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslərin və ya hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli yoxlama aktı tərtib olunarkən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X3 MMC-də olmamış və keçirilən yoxlamada laboratoriyanın müdir müavini X5 iştirak etmişdir. Həmçinin məhkəmə iclasında "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X3 bildirmişdir ki, o, MMC-nin diroktorudur, həkim kimi fəaliyyət göstərmir. Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin mənasından aydın olur ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyət yaranır. Amma işin faktiki hallarından görünür ki, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilən zaman X3 MMC-də olmadığı üçün onun praktik tibb fəaliyyətinə buraxılması öz təsdiqini tapmamışdır. Bununla da "xxxx" MMC-nin təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən lisenziyadan kənar tibbi fəaliyyətlə məşğul olmasını və qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən hüquqi şəxsin əməlində İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxs əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, "xxxx" MMC-də lisenziyadan kənar tibbi fəaliyyətlə məşğul olmasını və qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasını təsdiq edən mötəbər sübutlar olmadığından "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibinin olması məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar