Məhkəmə qərarları › İş №3(125)-1212/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1212/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1212/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il DYP-in inzibati binasında xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi Nümayəndə protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, raporta əsasən xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində iki nəfər şəxs BPİ-nin DYPŞ-nin inzibati binasına daxil olaraq cərimə meydançasında olan VAZ 2121 markalı ** RY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili duracaqdan aparacaqlarını bildirmişlər. Növbətçi polis əməkdaşı hər iki şəxsə izah etmişdir ki, avtomobilin buraxılması üçün səhər saatlarında gəlib, sənədləşdirmə aparıldıqdan sonra götürə bilərlər. Lakin həmin şəxslər yüksək səslə səs küy salmış, onları nizam-intizama dəvət etdikdə onlar polisin qanuni tələblərinə tabe olmamışlar. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilirək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qohumunun məzun günündə qonaqlıqda olarkən qapının ağzından qohumu Pərvizə məxsus VAZ 2121 markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil evakuatorla cərimə meydançasına aparılmışdır. Onlar cərimə meydançasına getmilər, həmin vaxt orada olan polis əməkdaşından avtomobilin cərimə meydançasına gətirilməsinin səbəbini soruşmuşlar. Bu zaman onlar avtomobilinin icazəsiz aparılmasına etiraz etmişlər və ola bilsin həmin vaxt əsəbləşdikləri üçün səsləri uadan çıxmışdır. Bundan sonra PPX əməkdaşları gəlmiş və onları şöbəyə dəvət etmiş, onlar heç bir tabesizlik göstərmədən şöbəyə getmişlər. Sonda o, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin baş növbətçi inspektoru Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində Gəncə şəhəri BPİ-nin DYPŞ-nın inzibati binasının növbətçi hissəsində xidmətdə olan zaman iki nəfər adını sonradan bildiyi X2 və Şəxs inzibati binanın növbətçi hissəsinə daxil olaraq VAZ 2121 markalı ** RY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin duracaqdan aparacaqlarını bildirmişlər. O, hər iki şəxsə izah etmişdir ki, avtomobilin buraxılması üçün səhər tezdən saatlarında DYPŞ-nə yaxınlaşmalarını müvafiq sənədləşdirmə aparıldıqdan sonra avtomobili duracaqdan götürə biləcəklərini bildirmiş, həmin şəxslər onunla yüksək səslə danışaraq mübahisə etməyə başlamış, o, köməyə PPX əməkdaşlarını çağırmışdır. O, PPX əməkdaşlarının həmin şəxsləri necə apardığını görməmiş, çünki öz otağında olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 00:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda X1 ucadan səs-küy salaraq ictimai qaydanı pozduğu polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin vaxt Şəxs ucadan səs-küy salması dolayısı ilə öz izahatı və şahidin izahatı ilə təsdiq olunmuş, lakin onun polisin qanuni tələblərinə tabe olmaması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir. Şəxs həqiqətən də onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı bir qrup şəxs halında törətməsini məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla belə Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, Şəxs həmin tarixdə 00:15 radələrində inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş 100 manat məbləğində cərminin dörddə üçü həddində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar