Məhkəmə qərarları › İş №3(125)-1222/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1222/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1222/2023 13.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi idarənin böyük dövlət vergi müfəttişi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 4 nömrəli məktəbin yanında yerləşən Hazırlıq Kursunda xx.xx.2023-cü il tarixdə, saat 14:40 radələrində 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı Şəxs xüsusi razılıq olmadan hazırlıq kursu fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi idarənin böyük dövlət vergi müfəttişi X2 inzibati xəta haqqında materialın dəlillərinə uyğun izahat verərək barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 398-ci maddəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 06 iyun 2023-cü il tarixli Qərardan görünür ki, Şəxs məxsus Hazırlıq Kursunda operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış və yoxlayıcıların tərkibi müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, Şəxs məxsus Hazırlıq Kursunda keçirilməsi nəzərdə tutulan operativ vergi nəzarəti reyestr qeydiyyatına alınmışdır. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərara əlavələr edilməsi haqqında” 07 iyun 2023-cü il tarixli Qərardan görünür ki, Şəxs məxsus Hazırlıq Kursunda keçirilməsi nəzərdə tutulan operativ vergi nəzarətinin yoxlayıcılarının tərkibində dəyişiklik edilmişdir. “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” 07 iyun 2023cü il tarixli Aktdan görünür ki, Şəxs məxsus Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 4 nömrəli məktəbin yanında yerləşən Hazırlıq Kursunda xx.xx.2023-cü il tarixdə keçirilən operativ vergi nəzarəti yoxlaması zamanı xüsusi razılığın olmasını sübut edən heç bir sənəd təqdim edilməmiş, xüsusi razılıq olmadan həyata keçirilən hazırlıq kursu fəaliyyəti nəticəsində 700 AZN gəlir əldə edilməsi müəyyən edilmişdir. 07 iyun 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, “Nizami” KT-nin ŞM-da fəaliyyət göstərən Hazırlıq Kursunda xx.xx.2023-cü il tarixdə, saat 14:40 radələrində 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı Şəxs xüsusi razılıq olmadan hazırlıq kursu fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs 07 iyun 2023-cü il tarixli İzahatından görünür ki, keçirilmiş yoxlama nəticələri ona aydındır. Xüsusi əldə etməməsini onunla əsaslandırır ki, həyata keçirdiyi fəaliyyət üçün xüsusi razılıq tələb olunmasını bilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sonuncunun yoxlama keçirildiyi gün etiraf xarakterli izahatı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli, yəni 1400 (min dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar