Məhkəmə qərarları › İş №3(125)-1229/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1229/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1229/2025 29.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 19 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 19 mart 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsinə və barəsində olan inzibati tənbehə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) qanuni təmsilçisi-direktorudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən ona ünvanlanan xx.xx.2025-ci il tarixli bildiriş əsasında məlum olmuşdur ki, Gəncə şəhər prokurorluğu xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 25-1-2-2-415-2026-1 nömrəli qərar qəbul etmiş, inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Bildirmək istəyir ki, Gəncə şəhər prokurorluğu və ya X12 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat materialları, o cümlədən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, araşdırma zamanı toplanmış sübutlar ona təqdim olunmamış, bildiriş inzibati xəta haqqında işə baxılması təyin olunan saatdan sonra ona və klinikaya çatmışdır. Buna görə inzibati xəta haqqında işə baxılmasında iştirak edə bilməmişdir. Sonradan xx.xx.2025-ci il tarixli, MN ******* seriya və nömrəli qərar ona təqdim olunmuş, 4500 manat cərimələndiyi məlum olmuşdur. Qeyd olunan araşdırmada iştirak etməsə də, Gəncə şəhər prokurorluğuna həkim-ginekoloq Babayeva Samirənin klinikada işləyib-işləməməsi ilə bağlı ifadə vermək üçün dəvət olunduğu üçün qeyd olunan araşdırmanın da bununla bağlı olduğu qənaətindədir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, qərar qanunsuz və əsassızdır, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, direktoru (qanuni təmsilçisi) olduğu “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra klinika) qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş lisenziyalar əsasında “X10” əmtəə nişanı və firma adından istifadə etməklə özəl tibb fəaliyyətinin ambulator və səyyar tibbi xidmətləri üzrə işlər görür, əhaliyə tibbi xidmətlər göstərir. Qeyd olunan xidmətin təşkili və icrası ilə bağlı klinika Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) tələblərinə əsasən həkimlər və digər işçilər ilə əmək müqaviləsi bağlayaraq həmin şəxsləri müvafiq işlərin yerinə yetirilməsinə cəlb edir. Qeyd edir ki, klinikada əmək müqaviləsi əsasında həkim mama-ginekoloqlar fəaliyyət göstərir. Ona göndərilən qərardan aydın olur ki, sözügedən qərar hal- hazırda klinikalarında həkim mama-ginekoloq kimi 0.25 ştat fəaliyyət göstərən Samirə Babayevanın xx.xx.2025-ci il tarixdən əvvəlki dövrə aid fəaliyyəti ilə bağlıdır. Qeyd edir ki, X11 xx.xx.2022-ci il tarixdə əvəzçilik üzrə əmək müqaviləsi əsasında, yəni əlavə iş yeri olaraq həkim mama-ginekoloq kimi klinikaya işə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin tarixdən xx.xx.2025-ci il tarixədək Samirə Babayevanın klinikada işçi kimi heç bir fəaliyyəti olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdən sonra Samirə Babayeva klinikaya analiz, UZİ və s. müayinələrlə bağlı xəstə göndərən həkim olmuşdur. Həmçinin, fraksional karbon dioksid lazer texnoligiyasını özündə ehtiva edən “Femilift” lazer yeni nəsil cihazından istifadə qaydasını klinikada fəaliyyət göstərən həkim mama-ginekoloqlar tam bilmədiyindən, qeyd olunan cihazdan yaxşı istifadə bacarığı olan mütəxəssis kimi həkimlərə cihazdan istifadə qaydasını izah etmək üçün Samirə Babayeva klinikaya kömək üçün dəvət olunmuş, bir neçə dəfə həkimlərə istifadə qaydasını izah etmişdir. Həmçinin, Samirə Babayevadan bəzi analizlərin xüsusi götürülməsi qaydasının işçilərə izah olunması üçün də kömək göstərməsi xahiş olunmuş, sonuncu da bununla bağlı köməyini göstərmişdir. Bir neçə dəfə isə pasiyentlərin vəziyyətinin qiymətləndirilməsi üçün Samirə Babayevanın köməyinə müraciət olunmuş, sonuncu gəlib həkimlərlə birlikdə konsultasiya edərək xəstəyə diaqnoz qoyulmasında iştirak etmişdir. Samirə Babayevanın yaxşı bilik və bacarığa, peşə vərdişlərinə malik həkim olduğundan yenidən xx.xx.2025-ci il tarixdən onunla 0.25 ştat fəaliyyət üçün əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi Samirə Babayeva xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə klinikada işləmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək klinikada işçi kimi fəaliyyəti olmamış, sadəcə bir neçə dəfə köməyinə müraciət olunmuşdur. Həmçinin, klinikaya müəyyən müayinələr üçün xəstə göndərmişdir. Beləliklə, göstərilən hallardan doğan nəticə ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Samirə Babayeva onların klinkasında işləməmişdir. Onun həkim kimi heç bir fəaliyyəti olmamışdır. Klinika ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həkim arasındakı münasibət əmək münasibəti deyil, sifarişçi ilə icraçı arasında şifahi bağlanmış mülki-hüquqi müqavilə olan xidmət müqaviləsindən irəli gələn mülki hüquq münasibəti olmuşdur. Konstitusiya, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllə) ilə əmək müqavilələrinin sərbəst bağlanması, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsi, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi təsbit edilmişdir. Belə olan halda, klinikanın direktoru kimi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4- cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki- hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin Qərarın nəticə hissəsində göstərilmişdir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad olunan Qərarında əks olunmuş hüquqi mövqeni əsas götürərək klinika ilə Samirə Babayeva arasındakı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan münasibətin xarakteri və həqiqi mahiyyəti ilə bağlı aşağıdakıları diqqətə çatdırmaq istəyir: 1) Samirə Babayeva həmin müddətdə əsas iş yeri olan Ağstafa Rayon Mərkəzi Xəstəxanasının işçisi olmuş və əmək qanunvericilikdə nəzərdə tutulmuş həftəlik, günlük iş saatlarını qeyd olunan müəssədə yerinə yetirir. 2) Klinika ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Samirə Babayeva arasında olan hüquq münasibətində sonuncunun klinikanın daxil intizam qaydalarına əməl etməsi, klinikada dəqiq razılaşdırılmış iş saatları ərzində fəaliyyət göstərməsi nəzərdə tutulmamışdır. Belə ki, Samirə Babayeva klinikada ayın, həftənin hansısa günü və ya saatları ərzində daimi fəaliyyət göstərməmişdir. 3) Samirə Babayeva xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək klinikada qeyrimüəyyən şəxslərə xidmət göstərməmişdir. Yalnız kömək göstərməsi üçün bir neçə dəfə müraciət olunmuşdur. 4) Klinika və xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Samirə Babayeva hüquq münasibətlərində hüquqi və faktiki cəhətdən bərabər vəziyyətdə olmuş, Samirə Babayeva üçün Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulmuş hər hansı əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) və ya intizam sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulmamışdır. 5) Samirə Babayeva xx.xx.2023-cü il tarixdən 11,02.2025-ci il tarixədək klinika ilə hər hansı məzuniyyət razılaşdırmamış, ona məzuniyyət verilməmiş, klinikaya münasibətdə məzuniyyət hüququnu reallaşdırma halı olmamışdır. 6) Ən nəhayət xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Samirə Babayevanın göstəridiyi xidmət işəgötürənin əsas fəaliyyət sahəsinə aid olmamışdır. 7) Yuxanda qeyd olunan bəndlərdə qeyd olunan işi hallarının aydınlaşdırılması üçün klinikanın işçilərinin və Samirə Babayevanın şahid qismində dindirilməsini xahiş edir. (Vəsatət). Yuxarıda göstərilənlərə əsasən bir daha qeyd etmək istəyir ki, klinika ilə Samirə Babayeva arasında xx.xx.2025-ci il tarixədək olan hüquq münasibəti əmək münasibəti olmamış və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yoxdur. Bu baxımdan göstərilən dəlillər onu göstərir ki, iş üzrə qəbul edilmiş İnzibati tənbeh barədə qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Sonda o, şikayətin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi X5 məhkəmə iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, Samirə Babayevanın xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək klinikada işçi kimi fəaliyyəti olmamış, sadəcə bir neçə dəfə köməyinə müraciət olunmuşdur. Həmçinin, klinikaya müəyyən müayinələr üçün xəstə göndərmişdir. Beləliklə, göstərilən hallardan doğan nəticə ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025ci il tarixədək Samirə Babayeva onların klinkasında işləməmişdir. Onun həkim kimi heç bir fəaliyyəti olmamışdır. Samirə Babayeva klinikaya analiz, UZİ və s. müayinələrlə bağlı xəstə göndərən həkim olmuşdur. Həmçinin, fraksional karbon dioksid lazer texnoligiyasını özündə ehtiva edən “Femilift” lazer yeni nəsil cihazından istifadə qaydasını klinikada fəaliyyət göstərən həkim mama-ginekoloqlar tam bilmədiyindən, qeyd olunan cihazdan yaxşı istifadə bacarığı olan mütəxəssis kimi həkimlərə cihazdan istifadə qaydasını izah etmək üçün Samirə Babayeva klinikaya kömək üçün dəvət olunmuş, bir neçə dəfə həkimlərə istifadə qaydasını izah etmişdir. Həmçinin, Samirə Babayevadan bəzi analizlərin xüsusi götürülməsi qaydasının işçilərə izah olunması üçün də kömək göstərməsi xahiş olunmuş, sonuncu da bununla bağlı köməyini göstərmişdir. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yoxdur. Bu baxımdan iş üzrə qəbul edilmiş İnzibati tənbeh barədə qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Sonda o, şikayətin təmin olunması xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayəti qəbul etməyərək bildirmişdir ki, X3 inzibati protokol tərtib edilməmişdən, həmçinin qərar qəbul edilməmişdən öncə bildirişlər göndərilmiş, şöbəyə dəvət olunmuş, lakin gəlməmişdir. Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Sonda şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. -İş materiallarında olan 19 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, əmək müqaviləsi hüququ qüvvəyə minmədən X11 “X10” MMC-nin direktoru X5 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4500 manat cərimə edilmişdir. -İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarından görünür ki, “X10” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarı ləğv edilmiş və “X10” MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. -İş materiallarında olan CD diskə baxış keçirilmiş və həmin diskdə aydın görünür ki, X11 öz sosial şəbəkə hesabında həftənin müəyyən günlərində X4 xəstə qəbulu ilə bağlı məlumatı öz izləyicilərinə təqdim edir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Çünki “X10” MMC-nin direktoru olaraq X5 əmək qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həkim X1 xidmət göstərilməsinə cəlb etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən X5 tərəfindən işçi ilə müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış ƏƏSMN yanında DƏMX Gəncə regional şöbəsi tərəfindən işçinin əmək müqaviləsi qanuni qüvvəyə minməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X5 barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarından görünür ki, “X10” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X13 Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarı ləğv edilmiş və “X10” MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olduğuna görə yəni X6 “X10” MMC-də hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “X10” MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Belə olan halda eyni əsasla vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsaslı və qanunidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X2 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 19 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X5 barəsində 19 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar