Məhkəmə qərarları › İş №3(125)-123/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-123/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-123/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, tələbkar şəxsin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X9 bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-892/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 yüz manat sabit pul məbləğində aliment alınaraq X4 xeyrinə ödənilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Hazırda bu günə olan borcu 4400 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X8 çıxışında Şəxs xəstəxanada müalicə olunduğunu, onu tapa bilmədiyini, axtarışla gəldiyini və müharibə iştirakcısı olduğunu qeyd edərək veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Şəxs çıxışında bildirmişdir ki, hal-hazırda işləmir, əvvəllər ayna qapı ustası kimi öz şəxsi sexində fəaliyyət göstərmişdir. O, səhhətində problemlərin olduğunu, başında 14 dənə sudurqa ocağının olduğunu və tez-tez huşunu itirdiyini nəzərə çatdırmışdır. İfadəsinin sonunda ona vaxt verilərsə 5-ci günə kimi borcundan 1000 (min) manat ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar şəxsin nümayəndəsi X5 çıxışında borclu Şəxs yalançı adam olduğunu, dəfələrlə qızını aldatdığını və aliment borcunu ödəmədiyini bildimişdir. O, Şəxs inanmadığını və ona ödəniş etməsi üçün vaxt verilməsinə razı olmadığını qeyd edərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - 13 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-892/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini icra etmir. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X10 xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-892/2023-008 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs Nürəddin oğlu barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. - 22 iyul 2023-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanda tapmaq mümkün olmamışdır. - tələbkar X4 icra idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs borcunu ödəmədiyindən barəsində icra tədbirlərinin görülməsini xahiş etmişdir. - Borclunun icra idarəsində verdiyi izahatdan görünür ki, o, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs tənbeh aldıqdan sonra il ərzində təkrarən eyni icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati tənbeh aldıqdan sonra da maddi imkanının olmadığını əsas gətirərək il ərzində borcundan ödəniş etməyərək eyni icra sənədi üzrə tələbi icra etməmişdir. Halbuki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, borcun bir hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə maddi imkanı olmadığını bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar