Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1230/2022 20.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan Məmmədov Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məmmədov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Məmmədov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 01 sentyabr 2020-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1830/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli icra sənədinə əsasən borclu Məmmədov Şəxs 20 iyul 2020-ci il tarixdən hesablanmaqla 23 yanvar 2010-cu il təvəllüdlü Məmmədova Səkinə Şəxs qızının və 29 avqust 2011-ci il təvəllüdlü Məmmədov Əşrəf Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Məmmədov Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, aliment borcunu ödəməkdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Məmmədov Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Məmmədov Şəxs qanunda müəyyən edilmiş müddətdə aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Əlavə olaraq bildiririk ki, Məmmədov Şəxs aliment borcu 2022-ci ilin dekabr ayı daxil olmaqla cəmi 1190 (bir min yüz doxsan) manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, borclu tərəfindən hər ay 250 manat məbləğində aliment ödənilsə də, icra sənədində göstərilən borcunu tam şəkildə ödəməmişdir. Belə ki, borclu 2022-ci ilin aprel ayına kimi hər ay 200 manat, aprel ayından sonrakı müddətdə isə həy 250 manat aliment ödəyir. Sonuncu dəfə isə 2022-ci ilin dekabr ayında 250 manat ödəniş etmişdir. Bununla belə həy alimenti natamam ödədiyindən, onun tələbkar qarşısında 1190 manat borcu yaranmışdır. Borclu Məmmədov Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Məmmədov Şəxs izahatında bildirdi ki, icra sənədində göstərilən borcunu inkar etmir və borcunu ödəməkdən qəsdən yayınmır. Belə ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş hər ay ödəməli olduğu 280 manat aliment məbləğinin 250 manat hissəsini ödəyir. Qalan 30 manat məbləği isə maddi imkanı olmadığı kifayət qədər olmadığı üçün ödəyə bilməmişdir. Bu səbəbdən aliment borcu yaranmışdır. Lakin, hazırda həmin borcunu hər ay 300-350 manat olmaqla ödəyəcəyinə söz verir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu Şəxs Məmmədov aliment borcunu hər ay 250 manat olmaqla icra etsə də, tam şəkildə, yəni 280 manat məbləğində ödəniş etmədiyindən, 1190 manat borcu yaranmışdır. O, borcunu ödəməkdən qəsdən yayınır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-1830/2020 saylı icra vərəqəsindən görünür ki, 23 yanvar 2010-cu il təvəllüdlü Məmmədova Səkinə Şəxs qızı və 29 avqust 2011-ci il təvəllüdlü Məmmədov Əşrəf Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Məmmədov Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Məmmədov Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu hər ay 250 manat ödəniş etməklə icra edir. Göründüyü kimi, borclu aliment borcunu ödəməkdən qəsdən yayınmamış, borcun ödənilməsinə səhlənkar yanaşmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu həy ay 250 manat ödəməklə natamam şəkildə icra etmişdir. Hazırda da yaranmış borcunu hər ay 300-350 manat olmaqla icra etmək niyyətində olduğunu bildirir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Məmmədov Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Məmmədov Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Məmmədov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(125)-1230/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1230/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver