Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1230/2025 16.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər İcra Hakimiyyətinin baş X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, guya özbaşına tikinti işləri aparmışdır. Nəticədə guya İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 395.1 (müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Protokola Gəncə Şəhər İcra Hakimiyyətinin Baş X1 tərəfindən baxılmış və barəsində İXM-in 395.1-ci maddəsi ilə 1000 manat cərimə növündə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar (bundan sonra "Tənbeh Qərar") qəbul edilmişdir. Tənbeh qərarı qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Protokolda inzibati xətanın mahiyyəti təsvir edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, hansı hüquq pozuntusu törətdiyinə, hansı vəzifələri pozduğuna görə inzibati xəta törətməkdə təqsirləndirildiyi protokoldan aydın deyildir. Belə ki, protokoldan görünmür ki, hansı ərazidə hansı inşaat işinin görülməsinə görə icazə alınmadığı, hansı normativ aktın hansı müddəasına əsasən inşaat işinin aparılmasına görə icazə alınmalı olması və hansı orqandan icazə alınmalı olması göstərilməmişdir. Bu isə inzibati xətanın mahiyyətinin protokolda təsvir edilmədiyini göstərir. Halbuki, İXM-in 100.1.4-cü maddəsinə əsasən protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Protokolda inzibati xətanın mahiyyətinin göstərilməməsi onunla bağlıdır ki, əslində o, inşaat işi görməklə bağlı hər hansı normativ aktın tələbini pozmamış və icazə almalı deyildir. Bu isə əməlində hər hansı inzibati xəta tərkibi olmadan barəsində protokol tərtib edildiyini göstərir. İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Bu baxımdan MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli idi. Bununla belə, inzibati xətanın mahiyyətinin Protokolda göstərilmədiyindən ən azından Protokolun geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Çünki hansısa normativ sənədin tələbinin pozulmasının əks olunmaması ona işarə edir ki, protokol düzgün tərtib olunmamışdır. Odur ki, Protokol düzgün tərtib edilmədiyindən ən azından protokolun geri qaytarılması barədə qərardad qəbul edilməli idi. Yuxarıda qeyd olunanlara əsasən barəsində tərtib edilmiş Gəncə şəhər İcra Hakimiyyətinin baş X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, heç bir inzibati xəta törətməmişdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -xx.xx.2025-ci il tarixli, **********25-12301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 1159.5 kvadratmetr (0.2017 hektar) əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X3, ½ hissədə X4 məxsusdur. Torpaq sahəsinin kateqoriyası kimi "yaşayış məntəqələrinin torpaqları" qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublkası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, **********25-12301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 1159.5 kvadratmetr (0.2017 hektar) əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X3, ½ hissədə X4 məxsusdur. Torpaq sahəsinin kateqoriyası kimi "yaşayış məntəqələrinin torpaqları" qeyd edilmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər İcra hakimiyyətinin üzərinə qoyulsa da, həmin orqan 16 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqan öz nümayəndələrinin iştiraklarını təmin etməməklə yanaşı, inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X2 şikayəti təmin edilməli, Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti təmin edilsin. X6 barəsində Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1230/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1230/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver