Məhkəmə qərarları › İş №3(125)-1232/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1232/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1232/2022 20.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis idarəsi 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi 1-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsi 1-ci polis şöbəsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və raportda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi olan müddət ərzində vətəndaş X1 işlədiyi Gəncə şəhəri, S.Xasıyev küçəsində yerləşən OBA marketdən 160 manat dəyərində 10 qutu saqqız oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsi 1-ci polis şöbəsinin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci ildə saat 01:30-da vətəndaş X2 məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Daşqın inşaat bazarının yaxınlığında saxladığı “Opel Astra” markalı 20EG637 dövlət qeydiyyat nişanlı avtomobildən 63 manat pulu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X4 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə Gəncə şəhəri Səbuhi Xasayev küçəsindəki OBA marketdən gizli yolla 10 qutu saqqız, xx.xx.2022-ci ildə saat 01:30-da vətəndaş X2 məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Daşqın inşaat bazarının yaxınlığında saxladığı “Opel Astra” markalı 20EG637 dövlət qeydiyyat nişanlı avtomobildən 63 manat pulu oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, onun maddi vəziyyəti çox ağırdır. O, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə Gəncə şəhəri, S.Xasıyev küçəsində yerləşən “OBA” marketinə müştəri kimi daxil olaraq oradan içərisində 10 qutu saqqızı oğurlamış, daha sonra xx.xx.2022-ci ildə saat 01:30-da Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Daşqın inşaat bazarının yaxınlığında dayanmış “Opel Astra” markalı 20EG637 dövlət qeydiyyat nişanlı avtomobildən 63 manat pulu oğurlamışdır. Sonda o, əməllərindən peşman olduğunu, pula ehtiyacı olduğu üçün belə əməllər törətdiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 may 2022-ci il, 18 dekabr 2022-ci il tarixli qərarlardan görünür ki, qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından onun əməllərində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarların surətləri Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, onun özünün etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin məhkəmə Şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Gəncə şəhəri Səbuhi Xasayev küçəsindəki OBA marketdən gizli yolla 10 qutu saqqız oğurlayaraq törətdiyi inzibati xəta üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 may 2022-ci il tarixli qərarın qəbul edilməsindən 03 ay sonra inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla belə Şəxs hərəkətlərində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. - 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadığını, məsuliyyəti yüngülləşdirən hal kimi isə səmimi peşmançılığını, əməlini etiraf etməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs, barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar