Məhkəmə qərarları › İş №3(125)-1237/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1237/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1237/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından “X21 Dolum və Yem İstehsalı” MMC-nin direktoru X5 nümayəndəsi və vəkili Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə “X21 Dolum və Yem İstehsalı” MMC-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X5 nümayəndəsi və vəkili Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN №1808235 saylı, 18 mart 2025-ci il tarixdə “inzibati tənbeh vermə haqqında” qərar qəbul edərək vəzifəli şəxs qismində “X21 Dolum və Yem İstehsalı” MMC-nin direktoru X9 barəsində Azərbaycan Respubılikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X9 və ailə üzvləri qeydiyyatda olduğu ünvanda yaşamadığından həmin ünvana inzibati xəta haqqında işə baxılmasına dair 05 mart 2025-ci il tarixli bildirişin və xx.xx.2025-ci il tarixli MN №1808235 saylı “inzibati tənbeh vermə haqqında” qərarın təqdim edilməsi mümkün olmamış, Orxan Mehdiyevin aparılan icraat barədə məlumatı olmamışdır. Orxan Mehdiyev 03 aprel 2025-ci il tarixdə asanpay vasitəsi ilə göndərilmiş elektron məktub vasitəsi ilə barəsində cərimə tətbiq edildiyi məlumatını əldə etmişdir. Bundan sonra o, nümayəndə qismində 04 aprel 2025-ci il tarixdə X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin inzibati binasında qeyd edilən qərarı şəxsən əldə etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinə əsasən sənədlərin rəsmi qaydada verildiyi vaxtdan, yəni 04 aprel 2025-ci il tarixdən başlayaraq qanunla nəzərdə tutulmuş 10 gün şikayət vermə müddətinin hesablanması nəzərdə tutulmuşdur. X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin qərarı onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon Prokurorluğunun 27 fevral 2025-ci il tarixli 25-1-2-2-413-2044 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada X12, X3 və X8 əmək müqavilələri hüquqi qüvvəyə minmədən X9 tərəfindən hər hansı işin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Hesab edir ki, qeyd edilən qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Daşkəsən rayon Prokurorluğu “X21 Dolum və Yem İstehsalı” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” 25-1-2-2-413- 2043-1 saylı, xx.xx.2025-ci il tarixli qərarla Daşkəsən rayon məhkəməsinə müraciət etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X15 usta kimi və X4 isə nəzarətçi qismində X10 tərəfindən 2024-cü ilin noyabr ayında “X21 Dolum və Yem İstehsalı” MMC-nin Daşkəsən rayonunda yerləşən 2 mərtəbəli inzibati binasında təmir işlərinin görülməsi tapşırılmaqla əmək münasibətlərinə cəlb edilmişdir. Qərarda “X21 Dolum və Yem İstehsalı” MMC-nin direktorunun, yəni işə götürməyə bilavasitə səlahiyyətli şəxsin X5 olduğu qeyd edilmiş, lakin sonuncunun Rusiya Federasiyasında olması ilə əlaqədar izahatının alınması mümkün olmamışdır. Daşkəsən rayon Prokurorluğu tərəfindən aparılan araşdırma tam, obyektiv və hərtərəfli aparılmadığına görə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan Daşkəsən rayon Məhkəməsinə etiraz verilmiş və Daşkəsən rayon məhkəməsi Daşkəsən rayon Prokurorluğunun qərarını əsassız hesab edərək 07 aprel 2025-ci il tarixli qərarla ləğv etmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxslər X15 öz ərizə və izahatında Novruz Məhəmmədovun təklifi ilə usta qismində “lambirin” vurduğunu bildirmiş və zəhmət haqqını tam olaraq ala bilmədiyi üçün şikayət etdiyini qeyd etmişdir. Bundan başqa X4 da X10 tərəfindən Daşkəsən rayon Quşçu kəndində yerləşən 2 mərtəbəli inzibati binada təmir işləri ilə bağlı müəyyən işlərin görülməsi tapşırılmasını bildirmişdir. Daşkəsən rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma və nəticəsində “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qəbul edilmiş qərarda yol verilən nöqsan və uyğunsuzluqları, bunun nəticəsində X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən aparılmış natamam araşdırmanı və yol verilən analoji pozuntuları diqqətə çatdırır:

1. Şikayət ərizəsi ilə Azərbaycan Respublikası DİN və Prokurorluğa müraciət edən şəxslərin heç biri öz izahatlarında cəmiyyətin direktoru X5 adını qeyd etməmiş, həmin şəxslə heç bir zaman ünsiyyətdə olmamış, həmin şəxsi tanımırlar. Ümumiyyətlə cəmiyyətin səlahiyyətli nümayəndəsi Orxan Mehdiyevin və rəhbərlik etdiyi cəmiyyətin həmin əmlaka və orada görülən işlərə aiddiyyatı olmamışdır.

2. Zərərçəkmiş şəxsləri müvəqqəti təmir işlərinə dəvət edən X10 ilə “X21 Dolum və Yem İstehsalı” MMC arasında olan hüquqi münasibətlər müəyyən edilməmişdir. Belə ki, X10 cəmiyyətin səlahiyyətli nümayəndəsi deyil, cəmiyyətdə hansısa bir vəzifə sahibi olamamaqla işə götürmək səlahiyyəti də olmamışdır. Belə olan halda cəmiyyətlə hüquqi bağlılığı olmayan şəxsin əməllərinə görə cəmiyyətin və ya onun vəzifəli şəxsinin hüquqi məsuliyyət daşıması qanuna və məntiqə uyğun deyildir.

3. Zərərçəkmiş şəxslər özləri öz ərizə və izahatlarında bildiriblər ki, fərdi əməklə bağlı təmir işləri ilə əlaqədar işə dəvət ediliblər və gördükləri işin müqabilində xidmət haqqlarını vaxtında ala bilmədiklərinə görə DİN-ə şikayət ediblər. Onlara aylıq əmək haqqı təklif edilməmiş, gündəlik davamiyyət jurnallarına imza etdirilməmiş, iş və istirahət vaxtları müəyyən edilməmiş, fərdi mühafizə vasitələri ilə təmin edilməmişlər. Belə olan halda hansısa əmək münasibətlərindən söhbət gedə bilməz.

4. Qərarda Daşkəsən rayon Quşqara kəndində yerləşən 2 mərtəbəli inzibati bina “X21 Dolum və Yem İstehsalı” MMC-yə məxsus olub-olmaması, eləcə də hansısa istifadə və ya icarə hüququnun olub-olmaması araşdırılmamışdır. Cəmiyyət ilə həmin əmlak kompleksinin mülkiyyətçiləri arasında icarə və ya istifadə münasibətləri mövcud deyildir. Qeyd edilən əmlak kompleksi X11 və X1 xüsusi mülkiyyətindədir (DƏDRX-nin çıxarışı əlavə edilir). X2 öz oğlunun xüsusi mülkiyyətində olan əmlak sahəsində təmir işləri gördürmək üçün ustalar dəvət etmiş, şifahi razılaşmaya uyğun olaraq xidmət haqqlarını ödəməklə təmir işlərini icra etdirmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X5 hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X21 Dolum və Yem İstehsalı” MMC-nin direktoru X9 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada X12, X3 və X6 əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 3(030)-59/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli qərarından görünür ki, “X21 Doldurma və Yem İstehsalı” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin 3(030)-59/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)- 59/2025 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Prokurorluğuna çatmışdır. Qərar qanuni qüvvəsini almış və qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, həmçinin eyni əməllə bağlı inzibati xəta haqqında iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 3(030)-59/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli qərarında X12, X3 və X8 “X21 Doldurma və Yem İstehsalı” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozulmaqla əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair “X21 Doldurma və Yem İstehsalı” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı öz təsdiqini tapdığı halda həmin Hüquqi Şəxsin direktoru X5 eyni əmələ görə vəzifəli şəxs kimi İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur, o cümlədən qeyd edilən bu hallar İXM-nin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə ziddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, şəxs əməlində inzibati xəta tərkibi olmadan inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, vəzifəli şəxs kimi X5 əməlində inzibati xəta tərkibi olmadığından verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən “X21 Dolum və Yem İstehsalı” MMC-nin vəzifəli şəxsi X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə olunması barədə qəbul edilmiş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 18 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar