Məhkəmə qərarları › İş №3(125)-1238/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1238/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1238/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər BPİ-nin DYPŞ polis mayoru X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 19 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus “VAZ-2106” minik markalı **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ara küçə ilə hərəkətdə olub Ə.Əliyev prospektinə çıxıb sola doğru dönmə əməliyyatı apararkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” yol nişanının) tələblərini pozaraq, yəni sürücü üstünlük nişanları yolayrıcında 2.4 “Yol verin” yol nişanı olduğu halda yol ilə hərəkət edən nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsinə nisbətən yolayrıcına keçmə üstünlüyü təşkil edir, lakin sürücü Şəxs isə idarə etdiyi “VAZ-2106” minik markalı avtomobili idarə edərkən yolayrıcına çatdıqda hərəkəti istiqamətində olan 2.4 “Yol verin” yol nişanının tələblərinə əməl etmədən avtomobili yolayrıcına daxil edərək Ə.Əliyev prospekti ilə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Lancer” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuş və nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə olan halda sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması qeyd edilən əsasa görə rədd edilmişdir. Lakin sürücü Şəxs nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan: İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs çıxışında Göz xəstəxanası yaxınlığında dönmə manevrini həyata keçirərkən anidən toqquşmanın baş verdiyini bildirmişdir. Sonda o, dörd uşağının olduğunu və zərərçəkmiş şəxslə barışdıqlarını qeyd edərək onun barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs barışıq ərizəsini təqdim edərək aldığı bədən xəsarətləri ilə bağlı dəymiş zərərin Şəxs tərəfindən qarşılandığını və Şəxs barəsində heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2024-cü il tarixli, 137 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması – KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. - Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 365/2024 saylı aktda göstərilmişdir ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. - Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 366/2024 saylı aktda göstərilmişdir ki, Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə; dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi; birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə; avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönmə, geriyə hərəkət etmə və sürmə təlimi keçmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması – nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı qarşılamasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar