Məhkəmə qərarları › İş №3(125)-1239/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1239/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1239/2023 11.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin baş dvm X4 və dvm X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Məhdud Məsuliyyəti Cəmiyyətinin Gəncə şəhəri, Nəriman Nərimanov 353-də yerləşən təsərrüfat subyekti üzrə xüsusi poçt xidmətinin xüsusi lisenziyasının əlavəsi olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə, Şəxs Məhdud Məsuliyyəti Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Qeyd:

1. Bu Məcəllənin 398, 401.1, 401.2, 402, 406-409, 411, 411-1, 412, 413, 415 ,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Protokolu nəzərdən keçirərkən müəyyən olunur ki, protokolda Şəxs hansı miqdarda gəlir əldə etdiyi qeyd edilməmiş və bu hal inzibati icraat zamanı protokolu tərtib edən orqan tərəfindən araşdırılmamışdır. Şəxs MMC-nin hansı miqdarda gəlir əldə etməsinin müəyyən edilməsi əməlin cinayət hadisəsi və ya inzibati xəta hadisəsi olması baxımından mühüm əhəmiyyəti vardır. Qanunvericiliyin tələbinə görə məhkəmənin inzibati xəta haqqında işə qısa müddət ərzində baxmalı olması nəzərə alınmaqla, həmin natamamlıqların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə barəsində tərtib edilmiş MN ******* nömrəli protokol natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş ******* nömrəli, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz

Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar