Məhkəmə qərarları › İş №3(125)-1243/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1243/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1243/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X6, zərər çəkmiş şəxs X7 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X10 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20-radələrində ünvan 2 ünvanda X5 vurub xəsarət yetirib və Roza Əliyevaya məxsus evin qapısını sındırmaqla ona 150 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci və 232-1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməlləri törətməmişdir. Lakin qəsdən etməmişdir. Belə ki, hadisə günü X3 onun telefonuna zəng edərək qızının qaçırılması ilə bağlı onu günahlandırmış və onun ailəsinin ünvanına nalayiq ifadələr, söyüşlər işlətmişdir. O bundan qəzəblənərək X1 evinə getmiş, bu zaman qapını açmadığına görə qapını vurmuş və qapı qırılmışdır. Daha sonra X3 qaz açarı ilə içəridən vurmaq istəmiş, lakin o qaz açarını onun əlindən alaraq ona tərəf atmış, o isə yayınaraq həmin açarı götürüb X2 aran zaman onun anası X7 oğlunun qabağına keçdiyindən açar ona dəymişdir. Daha sonra qapını dəmir qapı ilə əvəz etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında bildirdi ki, gəlini nəvəsini məktəbdən çıxarıb ərə vermək istəmişdir. Ona görə də onlar arsında mübahisə düşmüşdür. Daha sonra gəlinin qardaşı onların evinə hücum edərək qapını qırmış, onu döymüşdür. O bu hadisə ilə bağlı 102 xidmətinə zəng etmişdir. İnzibati icraat aparılan şəxs ilə barışmır. Ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dinirilmiş X3 izahatında bildirmişdir ki, yoldaşı və qayını onun azyaşlı qızını məktəbdən çıxarıb evləndirmək istəmişdir. Ona görə də onlar arsında mübahisə düşmüşdür. Daha sonra qayını onların evinə hücum edərək qapını qırmış, anasını döymüşdür. Hadisə ilə bağlı 102 xidmətinə zəng etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin barəsində inzibati qaydada tədbir görülməsinin təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-ci il tarixli 727 saylı rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun nahiyyəsinin qançırı, şişkinliyi, yarası, sol diz nahiyyəsinin yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-ci il tarixdə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs özünü qismən təqsirli bilsə də, onun tərəfindən xx.xx.2023-cü il tarixdə zərər çəkmiş Roza Əliyevaya qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi zərər çəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli və ona İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar