Məhkəmə qərarları › İş №3(125)-1257/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1257/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1257/2022 22.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ DYPŞ-nin polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:30-da Hyundai Sonata minik markalı, 99LD948 dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə Gəncə şəhəri, F.Həsənov küçəsi ilə üzü 3 nömrəli istiqamətdə hərəkətdə olarkən, idarəetməni itirərək yolun sağında dayanmış VAZ21061 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsiri nəticəsində VAZ21061 markalı avtomobil irəli hərəkət edərək Mersedes markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmanın nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş nəticədə Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə ŞBPİ DYPŞ-nin polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:30-da Hyundai Sonata minik markalı, 99LD948 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmasa da, toqquşmuş avtomobillərə maddi ziyan dəymiş, hazırda zərərçəkmiş şəxslərin Şəxs qarşı heç bir şikayətləri yoxdur. Avtomobillərə dəymiş ziyanı isə sığorta şirkəti ödəyəcəkdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə boğazı ağrıdığı üçün 50 qram araq içmiş, Gəncə şəhəri, F.Həsənov küçəsi ilə üzü 3 nömrəli istiqamətdə hərəkətdə olarkən birdən özünü pis hiss edərək öskürmüşdür. Həmin vaxt o, idarə etməni itirərək idarə etdiyi Hyundai Sonata minik markalı, 99LD948 dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağında dayanan VAZ21061 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsiri nəticəsində isə VAZ21061 markalı avtomobil irəli hərəkət edərək Mersedes markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmadığını nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci tarixdə ona məxsus olan VAZ- 21061 markalı ** BJ *** nömrə nişanlı avtomobillə F.Həsənov küçəsində saxlayıb işi ilə əlaqədar həmin yerdən uzaqlaşmış, qayıdanda görmüşdür ki, Hyundai Sonata minik markalı, 99LD948 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək onun avtomobili ilə toqquşmuş, toqquşmanın təsirindən onun avtomobili də qarşıda dayanan Mersedes markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sonda o, hadisə zamanı onun avtomobilinə 2000 manat ziyan dəydiyini, Şəxs qarşı şikayətinin olmadığını, lakin ona dəymiş maddi ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Mersedes Benz markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, F.Həsənov küçəsində saxlayıb, işi ilə əlaqədar həmin yerdən uzaqlaşmış, qayıdanda görmüşdür ki, Hyundai Sonata minik markalı, 99LD948 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək VAZ-21061 markalı ** BJ *** nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ-21061 markalı ** BJ *** nömrə nişanlı avtomobil irəli hərəkət edərək onun avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Sonda o, ona dəymiş 2145 manat maddi ziyanı tələb etdiyini, Şəxs qarşı şikayəti olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: - Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Hyundai Sonata minik markalı, 99LD948 dövlət qeydiyyat nişanlı avtomobil VAZ-21061 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil, Mersedes Benz markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə Gəncə şəhəri, F.Həsənov küçəsində baş vermişdir. Sxemi sürücülər Məsimzadə, Rüstəmov, Mahmudov və Məmmədov imzalamışlar. - Qüsur aktından görünür ki, VAZ-21061 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1963 manat məbləğində ziyan dəymişdir. - Qüsur aktından görünür ki, Mersedes Benz markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2145 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2022-ci il tarixli alkotestrin nəticəsindən görünür ki, Şəxs alkoqolun miqdarı 4.177 ‰ olmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.1, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız həmin Məcəllənin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Çünki Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxslərə maddi ziyan vurulması, beləliklə İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsləri ifadələri və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi əməli etiraf etməsini və zərərçəkmiş şəxslərin şikayətçi olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar