Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-126/2024 24.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işsiz, Göygöl rayonu, Göyçəkənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhər Cavadxan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 442-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən Şəxs barəsində İXM-in 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində bildirmişdir ki, Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Alov ticarət mərkəzindən təxminən 40 manatlıq pirotexniki vasitələri alaraq həyat yoldaşına məxsus Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən ərzaq mağazasında satışı ilə məşğul olmuşdur. Daha sonra polis əməkdaşları mağazaya baxış keçirən zaman həmin protexniki vasitələri könüllü olaraq təhvil vermişdir. O, məhsulların satışının qadağan olunmasından xəbərsiz olduğunu bildirərək yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 bildirdi ki, Cavadxan qəsəbəsində yerləşən ərzaq mağazasına baxış keçirərkən ümumi 394 ədəd müxtəlif çeşidli yüksək səsyayıcı xüsusiyyətlərə malik partlayıcı və protexniki vasitələr aşkar olunmuş və barəsində müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən ərzaq mağazasında istehsalı və satışı qadağan olunmuş protexniki vasitələrin satışı ilə məşğul olmuşdur;. Gəncə şəhər BPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, vətəndaş, Şəxs KO 201 markalı 5 qutu, EK2A markalı 15 ədəd, UN 0336 markalı 10 ədəd, K7158C markalı 5 ədəd, EK 6207 markalı 2 ədəd, P500 markalı 2 ədəd, EKO201E markalı 60 ədədlik 1 qutu pirotexniki vasitələr götürülmüşdür. İXM-in 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən aşağıdakı prinsip və müddəaları rəhbər tutur. Belə ki, İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr KO 201 markalı 5 qutu, EK2A markalı 15 ədəd, UN 0336 markalı 10 ədəd, K7158C markalı 5 ədəd, EK 6207 markalı 2 ədəd, P500 markalı 2 ədəd, EKO201E markalı 60 ədədlik 1 qutu müsadirə olunmaqla, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-126/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-126/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver