Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1262/2022 22.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(001)-7/2013 saylı icra sənədinə əsasən borclu Şəxs X2 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 20 (iyirmi) manat dövlət rüsumu dövlət büdcəsinə tutulması qət edilmişdir. Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-302/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X1 xeyrinə 8500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X5 bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(001)-7/2013 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-302/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq, o, icradan boyun qaçırmışdır. Hazırda pul tələbi üzrə mövcud borc 8500 (səkkiz min beş yüz) ABŞ dolları, aliment tələbi üzrə isə 3400 (üç min dörd yüz) manat təşkil edir. Buna görə də borclu Şəxs barəsində 22 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli protokol tərtib edilmişdir. Borclunun inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, aliment tələbi üzrə icra sənədini icra etməməsinin səbəbi uşaqların ona göstərilməməsidir. Belə ki, 10 ildir uşaqlarını görmür. Bundan əlavə, 10 il ərzində alimenti ödəmişdir, lakin son zamanlar maddi sıxıntıları olduğu üçün ödəyə bilmir. Hazırda 800 (səkkiz yüz) manat ödəməyə imkanı var. Qalan məbləği isə yaxın zamanda ödəyəcəyinə söz verir. Digər borc tələbinə dair barəsində icraat aparılan şəxs bildirdi ki, icra sənədindən onun xəbəri olmayıb. Ona görə də ondan apellyasiya şikayəti verməyə hazırlaşır. Məhkəmədən inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, tərəflərin izahatlarını dinləyib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs X2 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 20 (iyirmi) manat dövlət rüsumu dövlət büdcəsinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-302/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X1 xeyrinə 8500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Şöbəsinin 13 fevral 2014-cü il tarixli qərarından görünür ki, icra məmurları tərəfindən müvafiq icra sənədləri üzrə “icraata başlamaq haqqında” qərarlar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş, 10 gün müddətə icra sənədində olan tələb könüllü icra edilməyəcəyi təqdirdə barəsində inzibati protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 05 mart 2014-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs 2(001)-7/2013 saylı icra vərəqi üzrə tələbi könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Xəbərdarlıq sənədindən görünür ki, borclu Şəxs icradan yayınmağa görə inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri üzrə İcra İdarəsinin 05 aprel 2021-ci il tarixli qərarından görünür ki, icra məmurları tərəfindən müvafiq icra sənədləri üzrə “icraata başlamaq haqqında” qərarlar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 05 aprel 2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs 2(009)-302/2021 saylı icra vərəqi üzrə tələbi könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyul 2022-ci il tarixli Aktın surətindən görünür ki, Şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanına gedilmiş, lakin barəsində icraat aparılan şəxsin orada yaşamaması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 20 iyul 2022-ci il tarixli “borclunun axtarılması haqqında” Qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2022-ci il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” Qərarın surətindən görünür ki, 2(009)-302/2021 və 2(001)-7/2013 saylı icra işləri bir icraatda birləşdirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2(009)-302/2021 saylı icra işi üzrə şəxsin işdən ümumiyyətlə məlumatı olmadığından qərəz mövcud deyildir. Belə ki, məhkəmə iclasında həmin icra işi üzrə hər hansı sənədin borcluya çatdırılması və ya onun həmin iş üzrə idarəyə çağırılaraq məlumatlandırılmasına dəlalət edən hər hansı bir sənəd tələb edilsə də, icra orqanının nümayəndəsi tərəfindən sənəd təqdim edilməmişdir. 2(001)- 7/2013 saylı icra işi üzrə şəxs aliment borcundan 800 (səkkiz yüz) manat ödəməyi öhdəsinə götürmüş, gələn aylarda isə qalan borcu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin əməllərində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1262/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1262/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver