Məhkəmə qərarları › İş №3(125)-1263/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1263/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1263/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 22 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 448/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 3 uşağın saxlanılması üçün hər ay cəmi 360 (üç yüz altmış) manat aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-448/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hər ay 360 (üç yüz altmış) manat aliment Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 16860 (on altı min səkkiz yüz altmış) manat olan aliment borcundan 12400 (on iki min dörd yüz) manatı ödənilmiş və hal-hazırda 4460 (dörd min dörd yüz altmış) manat aliment borcu qalmışdır. O, aylıq 360 (üç yüz altmış) manat aliment pulunu ödəməyi və tələbkar ilə qalan borcun hər ay 100 (yüz) manat olmaqla hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək və ərizə təqdim edərək, bildirdi ki, Şəxs ona olan 16860 (on altı min səkkiz yüz altmış) manat aliment borcundan 12400 (on iki min dörd yüz) manat ödəniş etmişdir. Qalan 4460 (dörd min dörd yüz altmış) manatın hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 448/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 08 avqust 2011-ci il təvəllüdlü X1, 03 iyun 2013-cü il təvəllüdlü X2 və 02 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, 04 dekabr 2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, X8, X9 və hal şahidləri X5 və X6 iştirakı ilə tərtib olunaraq, imzalanmış aktdan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-448/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 360 (üç yüz altmış) manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə bağlı ünvan 2 ünvanında olmuşlar. Aparılmış icra tədbirləri nəticəsində borclunun bu ünvanda yaşamadığı və adına heç bir dəyərli əmlakının olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-448/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlığın və sonuncu xəbərdarlığın surətindən görünür ki, borcluya xəbərdarlıq və sonuncu xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmiş və Şəxs qeyd olunan sənədləri imza edərək qəbul etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs tələbkar ilə qalan borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmələri onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar