Məhkəmə qərarları › İş №3(125)-1267/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1267/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1267/2022 23.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, S.Vurğun küçəsi, dalan-2, ev 4 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5796/2017 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə 80 manat tutulan alimentin məbləğinin artırılaraq,hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla,cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq,cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcu 2840 manat təşkil edir. Borclu Şəxs izahatı alınmışdır.O, izahatında hazırda aliment borcundan ödəniş etmək üçün imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu aliment məbləğini hər ay 240 manat olmaqla icra edir, yaranmış borcundan isə oktyabr ayında 1000 manat ödəniş etsə də, icra sənədində göstərilən borcunu tam şəkildə ödəmədiyindən onun tələbkar qarşısında 2840 manat borcu yaranmışdır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədində göstərilən borcunu inkar etmir, lakin maddi imkanı olmadığı və əvvəllər işsiz olduğu üçün ödəyə bilməmiş, bu səbəbdən aliment borcu yığılmışdır. Yaxın müddət öncə işə girmiş və 300 manat əmək haqqı almağa başlamışdır. İşə başladıqdan sonra isə hər ay təyin olunmuş 240 manat aliment borcunu icra edir. Yığılmış aliment borcunu isə tam şəkildə ödəyə bilməsə də oktyabr ayında 1000 manat ödəniş etmişdir. Bundan sonra da borcunu icra edəcəkdir. O, borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2803/2021 saylı icra vərəqəsindən görünür ki, 04 sentyabr 2007-ci ildə doğulmuş X2, 26 iyul 2009-cu ildə doğulmuş X3 və 14 yanvar 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5796/2017 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə 80 manat tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Şəxs Razim oğlundan alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan əl yazma qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə əlyazma qəbz tərtib edərək qeyd etmişdir ki, o, Şəxs tərəfindən ona çatası 3000 manat aliment borcundan 1000 manat məbləğində etdiyi ödənişi qəbul etmişdir. Qalan 2000 manat aliment borcunu isə 3 aydan sonra ödəyəcəyinə dair razılıq əldə ediblər. İcra sənədinin icrası ilə bağlı heç bir etirazı və narazılığı yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu hər ay 240 manat ödəniş etməklə icra edir, oktyabr ayında yaranmış borcundan 1000 manat məbləğində birdəfəlik ödəniş etmiş, bundan sonra da ödəniş etmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar