Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1277/2022 27.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Gürcüstan Respublikası Marnauli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 28 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, Qəmərli küçəsində usta işlədiyi yarımtikili evdən “İphone 6+” markalı mobil telefonu oğurlamaqla 400 manat məbləğində ziyan vurmaqla xırda talama əməlini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməl həqiqətən də onun tərəfindən törədilmişdir. O, bu əməli maddi imkansızlıqla əlaqələndirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı isə ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, xx.xx.2022-ci ildə Şəxs Gəncə şəhəri, Qəmərli küçəsində yeni tikilmiş məhəllə evində təmir işləri ilə məşğul olmuş və işə başladığı ilk gün günorta vaxtı ona məxsus “İphone 6+” markalı mobil telefonu oğurlamışdır. Ona vurulan ziyan ödənilmədiyi üçün Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, naməlum şəxs, vətəndaş X3 məxsus 400 (dörd yüz) manat dəyərində Apples İphone 6+ markalı mobil telefonunu oğurlamaqla Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun tapıldıqdan sonra barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarla inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardadla dayandırılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli, BB ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda təbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, ağırlaşdırıcı halın olmamasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 26 dekabr 2022-ci il tarixdə saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2022-ci il tarixdə saat 12:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1277/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1277/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver