Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1295/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası X4 X6 İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası X4 X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası X4 X6 İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X4 X6 İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Xəyalə” adlı obyektin fərdi sahibkarı Şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. Bu əmələ görə X6 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya məhkəməsində reklamın 1 m2 olması ilə bağlı Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli təqdim etdiyi aktla bağlı isə bildirdi ki, ola bilsin ki, həmin aktın tarixi texniki olaraq səhv yazılmışdır. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirdi ki, ona məxsus Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Xəyalə” adlı obyekt üzərində yerləşən lövhənin ümumi sahəsi 1 m2 olmuşdur və bununla bağlı Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Yəni Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları ona göstəriş verdikdən sonra həmin lövhəni 1 m2 həddinə çatdırmışdır. Həmin İdarənin təqdim etdiyi fotoşəkil isə bundan əvvəl çəkilmişdir. Amma buna baxmayaraq sonradan həmin lövhənin sahəsi 2.7 m2 göstərilməklə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş və iş yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 11-3-3/2-653/2023 nömrəli yazılı göstərişdən görünür ki, Açıq məkanda reklam yayımı ilə bağlı “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Azərbaycan Respublikası X4 X6 İdarəsi tərəfindən sahibkar Şəxs Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Xəyalə” adlı obyektdə açıq məkanda yayımladığı reklamlarla bağlı 5 (beş) gün müddətində müvafiq icazənin alınması üçün Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, 383 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) Gəncə şəhəri, H.Əliyev prospektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələbləri pozulmaqla fasadda 2,7 m2 ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 481 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) Gəncə şəhəri, H.Əliyev prospektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla (açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan) fasadda 2,70 m2 ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 480 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları tərəfindən “Xəyalə” adlı obyektin sahibkarı Şəxs xx.xx.2023-cü il tarixli, 11-3-3/2-743/2023 nömrəli məktubla xx.xx.2023-cü il tarixdə saat 10:00-da barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X6 İdarəsinə dəvət olunsa da müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası X4 X6 İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs rəsmi qaydada dəvət edilsə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün idarəyə gəlməmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X6 İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Xəyalə” adlı obyektin reklamının 1 m2 olduğu aşkar edilmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla İXM-in 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Reklam haqqında Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsində qeyd edilmişdir ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilib-törədilməməsi sübut edilməli olan hallardan biridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarından aydın şəkildə görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Xəyalə” adlı obyektin üzərində yerləşən lövhənin ümümi ölçüsünün 1 m2 olduğu barədə akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Xəyalə” adlı obyektin üzərində yerləşən lövhənin ümumi ölçüsünün 2,7 m2 olduğu barədə akt tərtib edilmişdir. Birinci akt Qasımov, Nuriyev və Hacıyev, ikinci akt isə Allahyarov, Qasımov və Nuriyev soyadlı Azərbaycan Respublikası X4 X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuşdur. Aydın şəkildə görünür ki, hər iki aktı tərtib edən əməkdaşların ikisi eyni əməkdaşlardır. Yəni həmin əməkdaşlar tərəfindən qısa müddət ərzində iki fərqli akt tərtib edilmiş və lövhənin ölçüsü hər iki aktda fərqli qeyd olunmuşdur. O cümlədən iş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın əməkdaşları tərəfindən qısa müddət ərzində iki fərqli akt tərtib edilməsi həmin fotoşəkillərin mötəbərliyini şübhə altına alır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi barədə əsaslı şübhələr vardır, yəni inzibati xətanın törədilməsini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşdüyündən və həmin orqanın əməkdaşları tərəfindən iki fərqli akt tərtib olunduğuna görə həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalı, inzibati xəta haqqında protokolda göstərilən, ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə sübuta yetirilməmiş və şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 111-112, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1295/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1295/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver